Bakıda işçilər faciəvi şəkildə öldü

Bakıda işçilər faciəvi şəkildə öldü


Ötən gün Bakıda bir neçə işçi bədbəxt hadisələrin qurbanı olub.

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Yasamal rayonunda mayın 10-da təxminən 17:00 radələrində “Azəristiliktəchizat” ASC-nin Yeni Yasamal 2 yaşayış massivi ərazisində yerləşən qazanxanasının damından 60 yaşlı qaynaqçı Cəbiyev Ramiz Ağamalı oğlu yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb fəhləni qaldıran kranın lyuk hissəsini saxlayan trosun qırılması olub.

Nərimanov rayonu İslam Abışev küçəsində yerləşən “Rüzgar” kiçik biznes qarajında baş verən bədbəxt hadisə zamanı da işçi ölüb. Qusar rayon sakini, 48 yaşlı Novruzbəyov Gülbala Sədrəddin oğlu yük maşınının təkərində apardığı qaynaq işlər zamanı baş verən partlayış nəticəsində ölüb.

Suraxanı rayonunda Əmircan qəsəbə sakini, 47 yaşlı Əliyev Fazil Qardaşxan oğlu da ölüb. Kişi özəl sifariş üzrə təmir işləri aparan zaman evin damından yıxılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri Azər İsmayılov açıqlamasında bildirib ki, idarə əməkdaşları hadisələr baş verən yerlərdə olub və araşdırmalar başlanılıb. Yaxın günlərdə bədbəxt hadisələrin səbəbləri məlum olacaq.

Onun sözlərinə görə, iş verənlərin texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi məlum olarsa, İnzibati Xətalar Məcəlləsinə görə onlar min manatdan iki min manatadək cərimə olunacaqlar. Bundan başqa, icbari sığorta olmaması üçün də cərimə nəzərdə tutulub.
Популярный ролик