DÇ-2026: Qızıl kubok kimin olacaq?

İyunun 11-də ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi ilə start götürəcək 2026-cı il FIFA Dünya Çempionatı futbol tarixinin ən böyük və ən proqnozlaşdırılmaz turniri olmağa namizəddir. İlk dəfə 48 komandanın iştirak edəcəyi bu nəhəng marafon yaxınlaşdıqca, idman dünyasının əsas sualı gündəmi zəbt edir: Tarixin ən böyük mundialında çempionluq kubokunu kim qaldıracaq?
Telexeber.az xəbər verir ki, məşhur xarici bukmeker kontorları və beynəlxalq analitiklər bu dəfə açıq-aşkar bir favoritin olmadığını, lakin bir neçə güclü namizədin önə çıxdığını bildirirlər. Hazırda proqnoz bazarında 2024-cü ilin Avropa çempionu İspaniya və heyətində Kilian Mbappe kimi ulduzu saxlayan Fransa millisi cüzi fərqlə öndə qərarlaşıb. Onların ardınca isə Tomas Tuxelin rəhbərliyi altında yeni eraya qədəm qoyan İngiltərə gəlir. Son çempion Argentina və turnirin 5 qat qalibi Braziliya isə bu üçlüyü təqib edən əsas güclər sırasındadır.

Məşhur idman ekspertləri və futbolçular da turnir öncəsi öz proqnozlarını bölüşürlər. "Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior mundialın əsas favoritləri kimi dörd komandanın adını xüsusi vurğulayıb:

“Dünya çempionatı öncəsi Portuqaliya, İspaniya, Fransa və Argentinanın oyununu bəyənirəm. Bu dörd komanda heyət baxımından demək olar ki, sabit qalıb və hazırda ən güclüləridir”.

“Flashscore” nəşrinin tanınmış analitiki Frenk Monkhauz isə təcrübə faktoruna güvənərək Fransanı əsas namizəd hesab edir. O bildirib ki, son iki dünya çempionatının finalçısı olan Didye Deşamın komandası turnir taktikasını hamıdan yaxşı bilir. Digər tərəfdən, “SportsLine”ın peşəkar analitiki Martin Qrin isə turnirin genişlənmiş formatının sürprizlərə qapı açacağını vurğulayır və ev sahibi Şimali Amerika komandalarının, xüsusən Meksikanın gözlənilməz rəqib olacağını proqnozlaşdırır. Avropanın aparıcı təhlil platformaları olan “Polymarket” və “Kalshi” isə kubokun yenidən Avropaya qayıtma ehtimalını yüksək qiymətləndirir. Şimali Amerikanın isti iqlimi və uzun səfər məsafələri fonunda dözümlülük nümayiş etdirən komanda iyulun 19-da Nyu-Cersidə futbol dünyasının ən böyüyü adını qazanacaq.
Популярный ролик