Çatışmazlıqları aradan qaldıracağıq - Qurban Qurbanov

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubuna qarşı keçirəcəyi ilk oyuna hazırlaşır.
Telexeber.az xəbər verir ki, bu barədə baş məşqçi Qurban Qurbanov qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında bildirib ki, komandanın əsas məqsədi güclü kollektiv formalaşdırmaq və uğurlu nəticələrlə azarkeşlərin etimadını doğrultmaqdır.

"Mövsümə yeni başlamışıq. Heyətdə müəyyən dəyişikliklər olduğu üçün uyğunlaşma prosesi davam edir. Hazırda bəzi çatışmayan məqamlar var. Bununla belə, komandanın hazırlıq səviyyəsi bizi qane edir. İnanırıq ki, qarşıdakı dövrdə bütün çatışmazlıqları aradan qaldıracağıq. Məqsədimiz güclü komanda formalaşdırmaq və uğurlu nəticələrlə azarkeşlərimizin etimadını doğrultmaqdır", – deyə mütəxəssis vurğulayıb.

Q.Qurbanov transfer məsələlərinə də toxunaraq bildirib ki, Kamilo Duran hazırda Celtic F.C.-nin düşərgəsindədir və danışıqlar uğurla yekunlaşacağı təqdirdə "Qarabağ"dan ayrılacaq.

Baş məşqçi, həmçinin qeyd edib ki, cəzası başa çatan Elvin Cəfərquliyev qarşıdakı oyunda iştirak edə bilər. Bununla belə, onun start heyətində, yoxsa sonradan meydana çıxacağı barədə qərarın hələ verilmədiyini bildirib.

Qeyd edək ki, Qarabağ – Vestri UEFA Avropa Liqası I təsnifat mərhələsi ilk oyunu iyulun 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Популярный ролик