Aprelin 22-dən 24-dək dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunacaq bədii gimnastika üzrə Dünya Kubokunda bir araya gələcəklər.
Telexeber.az xəbər verir ki, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla 140 gimnastın iştirakı gözlənilir.
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.
3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, bu yarışda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Bədii gimnastların maraqlı və rəngarəng tamaşalarını həm İdman TV vasitəsilə, həm də biletləri onlayn qaydada www.iticket.az saytından və şəhərin kassalarından əldə edərək arenada canlı izləyə bilərsiniz.