Azərbaycan millisinin sabiq futbolçusu, menecer Ceyhun Sultanov Report-a müsahibə verib. Telexeber.az müsahibənin bir hissəsini təqdim edir:
- Klubların transfer fəaliyyətlərini necə dəyərləndirirsiniz?
- Açığı, əksər klublar istədikləri oyunçuları ala bilmədilər. Bu da normaldır. Çünki Azərbaycana futbolçu gətirmək asan deyil. Halbuki klublar kifayət qədər keyfiyyətli oyunçular istəyirdilər. Çox çalışdılar, amma yeni transferləri hazırlıq dönəminə çatdıra bilmədilər. Ola bilər ki, bundan sonra kimlərisə heyətə qata bilərlər. Çünki hələ fevralın 9-dək vaxtları var.
- “Qarabağ”da Rusiyanın “Krasnodar” klubuna satılan yarımmüdafiəçi Kadi Borges və zədələnən qapıçı Şahruddin Məhəmmədəliyevin yerinə yeni oyunçu alınmayıb. Ağdam klubu bundan əziyyət çəkə bilər?
- Əgər transfer etməsələr, problem yaşayacaqlar. Ancaq yenə də düşünürəm ki, klubların hamısı transfer dönəminin sonuna qədər ən azı 90 faiz hazır olacaqlar.
- “Neftçi” Yusuf Laval və Qodsvey Donyonu satdı, üstəlik, istədiyi transferləri edə bilməyib. Premyer Liqanın 3-cü pilləsində qərarlaşan komanda bu gedişlə mövqeyini itirmək təhlükəsi yaşaya bilər?
- Zədəliləri də geri dönsə, mübarizə aparacaqlar. Lakin transfer etməsələr, çətin olacaq. Məncə, istədikləri oyunçuları alsalar, nəinki üçüncü yerdəki mövqelərini qoruyacaqlar, hətta ikinci pilləyə də iddia edəcəklər.
- Qış fasiləsində “Neftçi” Laval və Donyonu, “Qarabağ” Kadini xarici kluba satdı. Bunları Azərbaycan futbolu adına müsbət hal kimi dəyərləndirmək olar?
- Avropada futbolçu qıtlığının da bunda rolu var. Görün, Avropa nə vəziyyətdədir ki, Azərbaycandan da oyunçu alırlar. Hazırda bütün dünyada futbolçu çatışmazlığı var. Klublarımız da məhz buna görə, kimisə almaqda çətinlik çəkirlər. İstənilən halda klubların futbolçu transferindən gəlir əldə etmələri sevindirici haldır. Mənim təklif elədiyim futbolçular da satılanlar arasındadır.