Azərbaycan vətəndaşlarının ölkə ərazisində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi 30 gün ərzində onlara geri qaytarılacaq.
Telexeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bununla bağlı bu gün təsdiq etdiyi qaydalarda öz əksini tapıb.
Qaydalara əsasən, geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır.
Geriyə ödəniş proseduru isə aşağıdakı kimidir:
- İstehlakçı nağd və yaxud nağdsız qaydada aldığı mala dair məlumatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir.
- İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir.
- Portala daxil olan müraciət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun müddəaları nəzərə alınaraq, çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir.
- İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
- Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür.
- Müvəkkil bank 10gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini qaytarır. Vergi Məcəlləsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-ni, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-ni təşkil edir.
- Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı müddət başa çatdıqdan sonra 5 iş günü müddətində vahid məlumat bazasına daxil edir.
- Dövlət Vergi Xidməti hər ay qaytarılan məbləğlə bağlı növbəti ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləşmə aparır və tərəflər arasında üzləşmə aktı imzalanır.