Bakıda 17 xəstəxanada çarpayı fondu ləğv edilib.
Bu barədə Telexeber.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi, ilkin tibbi-sanitariya yardımı xidmətinin imkanlarının artırılması və fəaliyyətinin gücləndirilməsi, tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrində çarpayı fondunun optimallaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib.
Belə ki, Mərkəzin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında, Kürdəxanı Sağlamlıq Mərkəzi, Zabrat və Zirə müalicə-diaqnostika mərkəzlərində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib, həmin müəssisələrdə yalnız ambulator-poliklinik xidmət saxlanılıb.
Eyni zamanda Mərkəzin tabeliyində fəaliyyət göstərən 14, 21, 23 və 29 nömrəli birləşmiş şəhər xəstəxanalarında və 8 nömrəli Şəhər Xəstəxanasında müəyyən dəyişiklik edilərək müəssisələrin sutkalıq fəaliyyətləri saxlanılmaqla stasionar, ambulator-poliklinik fəaliyyət yenidən təşkil edilib.
Həyata keçirilən bu tədbirlər əhaliyə göstərilən ambulator xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, tibbi kadrlardan səmərəli istifadə, tibb müəssisələrində olan çarpayı fondunun təkmilləşdirilməsi və real tələbata uyğunlaşdırılmasına xidmət edəcək