Baş prokuror Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb
Telexeber.az xəbər verir ki, oktyabrın 4-də Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin ədliyyə naziri Yılmaz Tunçla görüşüb
Görüş zamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.
K.Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib.
Baş prokuror 2021-ci ildə Bakıda təsis olunmuş TDT-nin Baş Prokurorlar Şurasının hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.
2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirakını xatırladan Baş prokuror, həmin tədbirin üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Həmçinin, Baş prokuror ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yılmaz Tunç ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsini və səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.