“Son 16 ildə ölkəmizdə 30-dan çox yeni stansiya tiklib. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində”.
Telexeber.az xəbər verir ki, bunu bu gün “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimindən sonra qurumun əməkdaşları ilə söhbət zamanı Prezident İlham Əliyev deyib.
İ.Əliyevin sözlərinə görə, ölkənin enerji potensialı onun artan iqtisadi inkişafa uyğun olmalıdır: “Bu stansiyalar arasında xüsusilə böyük stansiyalar əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilib. “Cənub” Elektrik Stansiyası təxminən 800 mVt-a bərabər generasiya gücünə malikdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası 525 mVt, “Şimal 2” bu yaxınlarda istifadəyə verilib, onun generasiya gücü 400 mVt-a yaxın, “səngəçal” stansiyasının generasiya gücü 300 mVt-dır. Təkcə bu 4 stansiyanın generasiya gücü 2000 mVt-dan çoxdur. Bundan əlavə su elektrik stasniyaları tikildi ölkəmizin müxtəlif yerlərində və bildirməliyəm ki, Naxçıvan MR-da tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün MR-nın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisini alan Naxçıvan tam özünü təmin edir. Eyni zamanda da orada ixrac potensialı da yaranmışdı.
O cümlədən ölkəmizdə bütövlükdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik. Əlbəttə ki, bu böyük infrastruktur layihələri böyük vəsait tələb edir. Bu vəsaitin böyük hissəsi büdcə hesabına təmin edildi, digər hissə götürülmüş kreditlər hesabına. Bu kreditlər qaytarılır. Beləliklə biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təminatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksək gərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi. Yeni yarımstansiyalar tikildi, bir çox yerlərdə transformatorlar. Və mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində həmişə mən maraqlanıram, və vətəndaşlardan maraqlanıram ki, enerji təminatı necədir? Və son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Və bu məni çox sevindirir. Onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər. Bizim enerji potensilaımız bizim artan iqtisadi inkişafa uyğun olmalıdır”.