Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı, jurnalistlərin suallarına cavabları dünya mətbuatının diqqət mərkəzindədir.
Telexeber.az xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi Şuşa Forumuna dair yaydığı xəbərdə Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mühüm fikirlərinə geniş yer ayırıb.

Agentlik dövlət başçısının Türkiyə və Azərbaycanın dünyada bir-birinə ən yaxın iki ölkə olduğuna dair fikirlərini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin regional sabitlik və əməkdaşlıq baxımından da mühüm element olduğunu söyləyib. Agentlik dövlət başçısının bu sözlərini sitat gətirir: “Bu, həm də təhlükəsizlik baxımından vacib amildir. Çünki burada, beş il əvvəl Şuşada Türkiyə Prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq. Bu sənəd münasibətlərimizi faktiki olaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Buna görə də biz yalnız qardaş və dost deyilik, həm də müttəfiqik. Birimizin başına bədbəxt bir şey gələrsə, digərimiz onu müdafiə etmək üçün hərbi potensialı da daxil olmaqla, əlindəki bütün vasitələrlə qardaşının yanında olacaq”.

Anadolu Agentliyi ilə yanaşı, Türkiyənin “TRT Avaz”, “Milliyet”, “Saray Medya”, “Haber365”, “Akşam”, “Hürriyet”, “Haber1”, “Yeni Akit”, “İhlas Haber Ajansı”, “Manşet Haber”, “Birlik” və “Haber Global” kimi digər aparıcı xəbər saytları və media platformaları da Şuşa Qlobal Media Forumunu və Prezident İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayaraq geniş materiallar yayımlayıblar.

Rusiyanın TASS İnformasiya Agentliyinin dərc etdiyi xəbərdə Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin çətin dövrünün geridə qaldığını və əlaqələrin tamamilə normallaşdığını bildirdiyi vurğulanıb. Agentlik, həmçinin Azərbaycan liderinin iki ölkə arasındakı münasibətlərin həm ikitərəfli formatda, həm də regional kontekstdə daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıdığına dair fikirlərini önə çıxarıb.

Rusiyanın “İzvestiya”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Vedomosti”, “Arqumentı i faktı”, “Vzqlyad”, “Moskovskiy komsomolets”, eyni zamanda, “RİA Novosti”, “İnterfaks”, “RBC”, “Lenta.ru”, “Parlamentskaya Gazeta”, “Novıye İzvestiya”, “Mejdunarodnaya Jizn”, “Veçernyaya Moskva” və “Vesti” kimi aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa IV Qlobal Media Forumundakı bəyanatlarını geniş işıqlandırıb. Bu mövzu rusdilli mətbuatda günün əsas beynəlxalq xəbərlərindən birinə çevrilib. Nəşrlər dövlət başçısının çıxışından xüsusilə regional təhlükəsizlik, Bakı-Moskva əlaqələri və beynəlxalq təşkilatlarla münasibətlərə dair bəyanatlarını önə çıxarıblar. Xəbərlərdə Bakı və Moskva arasında əlaqələrin tam normallaşması, “3+3” regional platformasının Cənubi Qafqaz üçün əhəmiyyəti, həmçinin Azərbaycana qarşı qərəzli yanaşmalar davam edəcəyi təqdirdə ölkənin Avropa Şurasından tamamilə çıxa biləcəyi barədə xəbərdarlığı yer alıb.
Популярный ролик