İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istehsal tarixi 1986-cı il olan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsus “B-98” layihəli "Vixr" tipli gəmini 1,8 milyon manata hərraca çıxaracaq.
Bu barədə Telexeber.az-a Dövlət Xidmətindən bildirilib.
Belə ki, Dövlət Xidməti dekabrın 12-si, 19-u və 21-də növbəti hərracları keçirəcək.
Dekabrın 12-də təşkil ediləcək hərracda 11 avtomobil alıcılara təklif ediləcək. İstehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2 000-14 000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.
Dekabrın 19-da keçiriləcək hərraca isə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 8 00-10 500 manat arasında dəyişir.
Dekabrın 21-də təşkil olunacaq hərracda isə 40 nəqliyyat vasitəsi iştirakçılara təklif ediləcək ki, onların arasında "Vixr" tipli gəmi də olacaq. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 %-i (180 000 manat) məbləğində beh ödəmək tələb olunur.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.