Füzuli xəstəxanasında qalmaqallı görüntülər: Xəstə xidmət gözləyir, bəzi tibb işçiləri isə çarpayıda uzanır? – Elçin həkim bu mənzərəni necə izah edəcək?


Füzuli Rayon Müalicə-Diaqnostika Mərkəzi ilə bağlı yayılan videogörüntülər rayon sakinlərinin uzun müddətdir səsləndirdiyi narazılıqları yenidən gündəmə gətirib. Telexeber.az-ın YouTube səhifəsində yayımlanan görüntülərdə bəzi tibb işçilərinin iş vaxtı olduğu iddia edilən vaxtda çarpayılarda uzandığı və mobil telefonlardan istifadə etdiyi görünür.

Əgər bu görüntülər həqiqəti əks etdirirsə, ortaya çox ciddi suallar çıxır. Xəstəxana rəhbərliyi tez-tez "xidmət yüksək səviyyədədir" bəyanatı verir. Bəs yüksək səviyyəli xidmət budurmu? Xəstələr yardım gözlədiyi halda tibb işçilərinin istirahəti?

Elçin həkim, Füzuli sakinləri sizdən cavab gözləyir. Niyə rayonun bir çox sakini müalicə üçün Bakıya üz tutmağa məcbur qalır? Rayon xəstəxanası niyə bütün hallarda öz funksiyasını yerinə yetirə bilmir? Əgər hər şey qaydasındadırsa, sosial şəbəkələrdə yayılan bu görüntülər nəyin göstəricisidir?

Hipokrat andı həkim peşəsinin məsuliyyətini və xəstəyə xidmət borcunu ifadə edir. Cəmiyyət isə haqlı olaraq soruşur: iş vaxtı xəstə ilə maraqlanmaq əsas vəzifədir, yoxsa çarpayıda uzanıb telefonla məşğul olmaq?

Daha təəccüblüsü isə odur ki, xəstəxana rəhbəri mediaya açıqlamasında görüntülərdən xəbərdar olduğunu və videonu çəkən Vətən müharibəsi qazisi ilə bağlı polisə müraciət edildiyini bildirib. Halbuki ictimaiyyətin gözləntisi tamam başqadır. İnsanlar nöqsanı üzə çıxaran şəxsin deyil, görüntülərdə əks olunduğu iddia edilən halların araşdırılmasını gözləyir.

Əgər yayılan görüntülər həqiqəti əks etdirirsə, bu artıq təkcə bir neçə əməkdaşın davranışı deyil, idarəetmədə ciddi nəzarət boşluğunun göstəricisi kimi qiymətləndirilə bilər. Belə hallara göz yumulması dövlətin səhiyyə sahəsində göstərdiyi xidmətlərin nüfuzuna da kölgə sala bilər.

Ümid edirik ki, Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumlar məsələni obyektiv araşdıracaq, videogörüntülərdə əks olunan iddialara hüquqi qiymət veriləcək və ictimaiyyət qarşısında aydın mövqe ortaya qoyacaqlar.

Qeyd: Məqalədə yer alan iddialar yayılan videogörüntülərə və səsləndirilən məlumatlara əsaslanır. Məsələnin yekun hüquqi və faktiki qiymətləndirilməsi yalnız səlahiyyətli qurumların araşdırmasının nəticələri ilə müəyyən edilə bilər.
Популярный ролик