Bu gün Göyçayda baş verən qətlin bəzi təfərrüatı məlum olub.
Telexeber.az-ın Modern.az-a istinadən məlumatına görə, hadisə rayonun mərkəzində, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.
Hadisə söyüş üstündə baş verib.
Şahidlərin sözlərinə görə, marketin önündə söhbət edən zaman Hüseyn Səidin ünvanına nalayiq ifadələr səsləndirib. Aralarında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. 17 yaşlı yeniyetmə davadan sonra evə qayıdıb və yaşadığı mənzildən gətirdiyi bıçaqla Hüseynə ağır zərbələr endirib.
Əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayev Bakı şəhərində yaşayıb. İki övlad atası olan Hüseyn valideynlərinin hər ikisini illər əvvəl itirib. O, bir neçə gün əvvəl Bakıdan əmisigilin yaşadığı Çayarxı kəndinə gedib. Hüseyni öldürməkdə şübhəli bilinən Səid Bayramlı əslən Kəlbəcər rayonundandır.
***
09:21
Göyçayda qətl hadisəsi baş verib.
Bu barədə Telexeber.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 15-i saat 3 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.