
Telexeber.az musiqinin insanın həyatında rolu haqqında peşəkar musiqiçilər və müəllimlərlə müsahibələr silsiləsini davam etdirir.Budəfəki həmsöhbətimiz Yardımlı Rayon Uşaq Musiqi Məktəbinin xor, xoreoqrafiya və musiqi şöbəsinin direktoru Əkbərov Zeyni müəllimdir.Həmsöhbətimiz müasir musiqi təhsili sisteminin necə qurulduğundan və musiqinin uşağın inkişafında əhəmiyyətindən bəhs edib.
-Fikrimcə peşəkar musiqiçi olmaq istəyənlər üçün tədris ayrı, həvəskarlar üçün isə fərqli olmalıdır. Bütün hallarda bir özül tələb olunur. Az da olsa, bünövrə olmalıdır! Uşaqlara musiqini sevdirmək vəzifəsi də bizim üzərimizə düşür. Əsas məsələ sevdirməkdir.Musiqi uşağın ümumi, hərtərəfli inkişafı üçün lazımdır. Biz musiqi məktəbimizdə təhsil alan uşaqlarla onların ümumi dünyagörüşünün inkişafı istiqamətində iş aparırıq,bəstəkarları təbliq edirik,tanıdırıq.Misal üçün, məktəbimizdə musiqi ədəbiyyatı fənni var. Biz orada müxtəlif operalardan danışırıq, onların süjetini açırıq. Uşaqlar bu fənn əsnasında şairlərin, yazıçıların əsərləri ilə tanış olurlar. Biz əsərlərin məzmunundan söhbət edirik. Bu dünyagörüşü üçün çox faydalıdır. Məktəbimizin məzunları hərtərəfli inkişaf etmiş uşaqlardır.Musiqi uşağın təfəkkür aparatını formalaşdırır. Bu vasitə ilə şagirdə nitqini formalaşdırmağı, fikrini çatdırmağı və düşüncələrini öz sözləri ilə ifadə etməyi öyrədirik. Biz hər zaman onun əsər haqqında nə düşündüyünü soruşuruq. Eyni zamanda, manual dərslər keçirik. Daha sonra uşaq fikrini barmaqları vasitəsilə çatdırmağı öyrənir. Onları buna 6 yaşından alışdırırıq. Təfəkkür aparatı ilə birbaşa əlaqəli olan bu barmaq uclarını düzgün ifa etmək üçün alışdırırıq. Hətta orta səviyyəli uşaq artıq 7-ci sinfə qədər adi uşaqla müqayisədə daha dərindüşüncəli olur.Daha bir vəzifəmiz uşağa mənimsədiyi bilikləri göstərmək üçün səhnəyə çıxmağı öyrətməkdir, bunu isə hər uşaq edə bilməz. Bu, gələcəkdə onlara çox kömək edir, çünki uşaqlar hansısa konfranslarda çıxış edə bilərlər. Bu, daha sonra musiqi sahəsini davam etdirməyənlərə aiddir. Bizdə imtahan qapalı akademik konsertdir. Uşaqlar komissiya qarşısında səhnəyə çıxırlar. Müəllim üçün də lazımdır ki, şagirdi səhnəyə çıxsın, o, bu halda uşağı kənardan qiymətləndirməyə başlayır, onu daha yaxşı tanıyır, hansı istiqamətə yönəldəcəyini başa düşür. Uşaq komissiya qarşısında - səhnədə artıq fərqli ifa edir. Təbii ki, bu həyəcandır! Ancaq belə vəziyyət onu tərbiyə edir, özünü ələ almağı öyrədir.
Həmsöhbətimizin fikrincə, müsabiqələr tədris prosesində mühüm rol oynayır.
“Gənc musiqiçilər mütləq beynəlxalq müsabiqələrdə iştirak etməlidir. Onlar həm öz musiqimizi, həm də xarici musiqini bizim ifamızda təqdim etməlidir. Bundan başqa, sosial şəbəkələr, yutub kanalları var, onların sayəsində biz hamımız gənc musiqiçiləri izləyirik. Biz özümüz də onlardan zövq alırıq! Həmçinin istedadlı gənclərimizi də tanıtmaq lazımdır. Fikrimcə, biz artıq Azərbaycanı dünyada tanıtmağa başlamışıq”.