İcbari tibbi sığortanın əhatə dairəsi genişləndirildi
- 27.01.2026, 12:43,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Tibbi sığorta haqqında” Qanuna edilən son dəyişikliklərlə sığortaolunanların əhatə dairəsi genişləndirilib.
Telexeber.az-ın məlumatına görə, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında icbari tibbi sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib. Belə ki, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir.
Ədliyyə Nazirliyinin zəruri avadanlığı və mütəxəssisi olmadığı hallarda xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb.
Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan Respublikasının vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir.
Dəyişikliklərin məqsədi əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək və sosial ədalət prinsiplərini gücləndirməkdir.