
Cəzaçəkmə müəssisəsində saxlanılan şəxsin cəzası ailə üzvlərinə şamil olunmur. Lakin reallıqda ən ağır mənəvi yükü çox vaxt azyaşlı uşaqlar daşıyır.
Redaksiyamıza müraciət edən bir ailə bildirir ki, 9 yaşlı uşaq atasını görmək istəyir. Mövcud qaydalara əsasən görüşlərin ayda bir dəfə keçirildiyi qeyd olunur.
Məlumat əldə olunub ki, son ay ərzində dustağ Məhərrəmov Yasin Məhərrəm oğluna yalnız 15 dəqiqəlik görüş verilib. Əksər hallarda qayda üzrə görüş müddəti təxminən 4 saatdır, lakin azyaşlı uşaqlar üçün belə qısa görüş kifayət deyil. Bu vəziyyət uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər və valideynlə ünsiyyət hüququnun praktik realizasiyasında ciddi məhdudiyyət yaradır.
Məsələ ilə bağlı aidiyyəti rəhbər şəxslərə açıq humanitar müraciət ünvanlanır:
7 saylı cəzaçəkmə müəssisəsinin rəisi
Mehman Əliyev
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Səbinə Əliyeva
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəhbəri, ədliyyə general-mayoru
Mirsaleh Seyidov
Humanitar hallarda əlavə qısa görüş və ya alternativ ünsiyyət imkanlarının tətbiqi mümkün ola bilərmi? Xüsusilə 9 yaşlı uşaqlar üçün ayda cəmi 15 dəqiqəlik görüşün kifayət etmədiyi açıqdır.
Qanun çərçivəsində, istisna mexanizmlərin nəzərdən keçirilməsi yalnız bir ailənin deyil, cəmiyyətin sosial həssaslıq gözləntisidir. Azyaşlının psixoloji durumu nəzərə alınmalıdır.
Bu yazı hər hansı şəxsi və ya qurumu ittiham etmək məqsədi daşımır. Məqsəd – valideynlə ünsiyyət hüququnun humanitar çərçivədə qiymətləndirilməsinə ictimai diqqəti yönəltməkdir. Aidiyyəti qurumlar bu humanitar müraciətə cavab verməli və 9 yaşlı uşağın hüquqlarını nəzərə almalıdır.