
Xaçmaz rayon 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Həmayıl İsgəndərova ətrafında səslənən iddialar son günlər sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə “TikTok” platformasında yayılan ittiham xarakterli paylaşımlar bağça rəhbərliyində ciddi narahatlıq yaradıb.
İddialara görə, yayılan məlumatların daha da böyüməsinin qarşısını almaq üçün bağça rəhbərliyi müxtəlif şəxslərlə əlaqələr quraraq vəziyyəti yumşaltmağa çalışır. Hətta sosial şəbəkələrdə adının hallanmaması üçün “sandığın ağzının açıldığı”, müəyyən şəxslərə pulların paylandığı barədə də danışılır.
Ortaya isə çox ciddi suallar çıxır:
Bu qədər vəsait haradan toplanıb?
Əgər doğrudan da ortada “paylanacaq pullar” varsa, həmin pulların mənbəyi nədir?
Valideynlərin ödənişləri?
Bağçaya ayrılan qida və təsərrüfat xərcləri?
Yoxsa uzun müddətdir səslənən maliyyə pozuntuları?
Sakinlər və valideynlər arasında dolaşan narazılıqların siyahısı isə kifayət qədər genişdir. İddialarda xidmət səviyyəsinin aşağı olması, qanunsuz təyinatların həyata keçirilməsi, maliyyə intizamsızlığı, hətta uşaqlara ayrılan qida məhsullarının mənimsənilməsi kimi ağır məsələlər ön plana çəkilir.
Məsələnin ən diqqətçəkən tərəfi isə budur ki, rəhbərlik bu ittihamların qarşısını şəffaflıqla deyil, müxtəlif yollarla “susdurmaq” cəhdləri ilə almağa çalışır. Halbuki, sosial şəbəkələrdə yayılan narazılıqların qarşısını almağın ən doğru yolu qapalı kabinet söhbətləri deyil, açıq araşdırma və ictimaiyyətə aydın cavab verməkdir.
Valideynlər hesab edir ki, aidiyyəti qurumlar artıq bu iddiaları ciddi şəkildə araşdırmalı, bağçada baş verən proseslərə hüquqi qiymət verilməlidir. Çünki söhbət sadəcə bir müəssisədən yox, azyaşlı uşaqların tərbiyə aldığı bir məkandan gedir.
Mövzunu diqqətdə saxlayacağıq.