Xaçmazda bağça qalmaqalı böyüyür – uşaqların haqqını kim yeyir, kim qoruyur?


Xaçmaz rayonunda yerləşən 2 saylı körpələr evi–uşaq bağçası ətrafında dolaşan iddialar artıq sadəcə sosial şəbəkə müzakirəsi olmaqdan çıxıb. Günlərdir müxtəlif platformalarda yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurur. Amma ən qəribəsi odur ki, bu qədər ağır ittihamların fonunda ortada nə ciddi araşdırma görünür, nə də ictimaiyyəti qane edən rəsmi açıqlama.

Söhbət azyaşlı uşaqların təhsil və qidalanma aldığı müəssisədən gedir. Belə bir yerdə qida çatışmazlığı, mənimsəmə, qanunsuz təyinatlar və müxtəlif maliyyə pozuntuları barədə iddialar səslənirsə, aidiyyəti qurumlar dərhal hərəkətə keçməlidir. Ancaq görünən mənzərə tam başqadır — sanki hər kəs susmağa üstünlük verir.

İddiaların mərkəzində isə bağçanın direktoru Həmayıl İsgəndərovanın adı keçir. Sosial mediada yayılan məlumatlarda onun müəyyən yüksək əlaqələr vasitəsilə uzun müddət toxunulmaz vəziyyətdə saxlanıldığı bildirilir. Adı keçən şəxslər, qohumluq əlaqələri və keçmiş vəzifəli fiqurlarla bağlı səslənən fikirlər isə cəmiyyətdə “kim kimi qoruyur?” sualını daha da böyüdür.

Maraqlıdır, əgər bütün bunlar yalandırsa, niyə bir dəfə də olsun açıq çıxış edilmir? Niyə valideynlərin narahatlığı aradan qaldırılmır? Niyə aidiyyəti qurumlar bağçada yoxlama aparıb nəticələri ictimaiyyətə təqdim etmir?

Ən ağrılı məqam isə budur: iddiaların mərkəzində uşaqlar dayanır. Sabahın gələcəyi olan körpələrin qidası, rifahı və təhlükəsizliyi ilə bağlı səslənən fikirlər heç bir halda adi məsələ sayıla bilməz. Burada söhbət hansısa kabinet oyunundan yox, uşaqların haqqından gedir.

Cəmiyyət indi cavab gözləyir:

Bağçada doğrudanmı qanun pozuntuları var?

Əgər varsa, niyə tədbir görülmür?

Kimlər bu məsələnin üstünün örtülməsində maraqlıdır?

Aidiyyəti qurumların susqunluğu nə ilə bağlıdır?

Bir məsələ də aydındır: insanlar artıq formal açıqlamalar yox, real addımlar görmək istəyir. Çünki susqunluq uzandıqca, şübhələr daha da artır.

Telexeber.az mövzunu diqqətdə saxlayacaq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Популярный ролик