Elmin Zamanov: “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və xilaskarıdır”


10 May Azərbaycan xalqı müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir.

Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Elmin Zamanov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş, dövlətçiliyimizin xilası və inkişafı naminə misilsiz xidmətlər göstərmiş böyük şəxsiyyətdir.

Onun sözlərinə görə, Heydər Əliyevin adı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahı və ölkənin dünya miqyasında tanınması ilə ayrılmaz şəkildə bağlıdır.

“Ulu öndər Heydər Əliyev xalqını, dövlətini sonsuz sevən və ömrünü Azərbaycanın inkişafına həsr edən dahi lider idi. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz ən çətin sınaqlardan üzüağ çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoydu”, – deyə Elmin Zamanov bildirib.

O qeyd edib ki, 1990-cı illərin ağır siyasi və iqtisadi böhranı dövründə Azərbaycan böyük təhlükələrlə üz-üzə qalmışdı. Ölkədə xaos, özbaşınalıq və parçalanma meyilləri hökm sürürdü. Belə bir taleyüklü məqamda xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Elmin Zamanov vurğulayıb ki, məhz Heydər Əliyevin rəhbərliyi dövründə dövlət quruculuğu prosesi həyata keçirildi, ordu formalaşdırıldı, iqtisadiyyatın inkişafı üçün mühüm addımlar atıldı və Azərbaycanın beynəlxalq nüfuzu artdı.

“Bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində ulu öndərin müəyyən etdiyi siyasi kurs dayanır. Heydər Əliyev yalnız öz dövrünün deyil, gələcək nəsillərin də lideridir. Onun dövlətçilik məktəbi Azərbaycan xalqı üçün daim örnək olacaq”, – deyə o əlavə edib.

Elmin Zamanov bildirib ki, ümummilli liderin zəngin siyasi irsi və dövlətçilik ideyaları bu gün də uğurla davam etdirilir, Azərbaycan gündən-günə daha da güclənir və inkişaf edir.

Sonda Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri qeyd edib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük hörmət və ehtiramla yad edəcək.

Telexeber.az olaraq bildiririk ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri tariximizin ən parlaq səhifələri sırasında daim yaşayacaq.
Популярный ролик