Regionun ekoloji nəzarətində məsuliyyət yükü – iddialar səslənir, amma faktlar hələ də mübahisəlidir


Son dövrlər bəzi sosial media səhifələri və xəbər portallarında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri Elşən Şirinovun fəaliyyəti ətrafında müxtəlif ittihamlar səsləndirilir. Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarını əhatə edən geniş bir ərazidə fəaliyyət göstərən idarənin adı müxtəlif müzakirələrdə hallansa da, ortaya qoyulan məlumatların hüquqi tərəfi hələ də açıq qalır.

Yayılan xəbərlərdə əsasən yaşıllıqların qorunması, ağacların budanması və bəzi ərazilərdə ekoloji vəziyyətlə bağlı narazılıqlar qeyd olunur. Ancaq diqqət çəkən əsas məqam odur ki, bu iddiaların böyük hissəsi rəsmi təsdiqini tapmayıb. Nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yekun açıqlama verilib, nə də hüquqi müstəvidə hansısa ciddi qərar açıqlanıb.

Əksinə, bölgədə çalışan bir çox sakin və yerli müşahidəçilər bildirirlər ki, son illər regionda ekoloji nəzarətin gücləndirilməsi, qanunsuz ağackəsmə hallarına qarşı tədbirlərin artırılması və təbiətin mühafizəsi istiqamətində müəyyən işlər də görülüb. Xüsusilə yay mövsümlərində meşə və yaşıllıq ərazilərinə nəzarətin artırılması diqqət çəkən məqamlardan biri kimi göstərilir.

Məhz buna görə də ictimaiyyətdə belə bir fikir formalaşır: əgər ortada ciddi qanun pozuntusu varsa, niyə bu günə qədər rəsmi araşdırmanın nəticəsi təqdim olunmur?

Telexeber.az hesab edir ki, hər hansı vəzifəli şəxs barədə səslənən ittihamlar emosional paylaşımlardan deyil, konkret sübut və hüquqi sənədlərdən qaynaqlanmalıdır. Çünki dövlət qurumlarında çalışan şəxslərin fəaliyyəti qiymətləndirilərkən həm tənqid, həm də görülən işlər obyektiv şəkildə nəzərə alınmalıdır.
Популярный ролик