Masallı meşələrində ekoloji fəlakət? — Yaş ağaclar kəsilib meşənin içində qurudulur iddiası


Masallı rayonunun meşəlik ərazilərindən yayılan görüntülər ciddi narahatlıq yaradıb. Telexeber.az-a göndərilən foto və video materiallarda meşə massivində kütləvi şəkildə kəsilmiş ağacların yol kənarına yığıldığı əks olunub.

İddialara görə, söhbət qurumuş yox, tam sağlam və yaş ağaclardan gedir. Görüntülərdə ağacların doğranaraq səliqəli formada meşə daxilində toplandığı, sonradan qurudulmaq məqsədilə saxlanıldığı iddia olunur. Bu mənzərə isə “meşə talanı planlı şəkildə həyata keçirilir” sualını gündəmə gətirir.

Ən diqqətçəkən məqam isə budur ki, hadisənin baş verdiyi ərazilər 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət zonası hesab olunur. Mərkəz Masallı, Cəlilabad və Yardımlı rayonlarının meşə fonduna cavabdeh qurumlardan biridir.

Qurumun direktoru Nəsimi Nəsibovun rəhbərlik etdiyi idarənin nəzarətində olan ərazilərdə belə görüntülərin ortaya çıxması ictimaiyyət arasında ciddi suallar yaradıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra sakinlər haqlı olaraq soruşur:

Əgər bu kəsim qanunidirsə, niyə meşənin içində və gözlərdən uzaq ərazilərdə həyata keçirilir?
Kəsilən ağacların sənədləri varmı?
Niyə yaş ağaclar doğranaraq yol kənarında qurudulur?
11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi bu prosesdən xəbərdardırmı?

Ekoloqlar bildirirlər ki, yaş ağacların kütləvi şəkildə kəsilməsi ekoloji tarazlığa ciddi zərbə vurur. Xüsusilə cənub zonasının nadir və sıx meşə örtüyü illərlə formalaşan təbii sərvət hesab olunur.

Maraqlıdır ki, ortada foto və video faktlar olduğu halda məsələ ilə bağlı hələ də rəsmi açıqlama verilməyib. Bu isə narahatlığı daha da artırır.

Aidiyyəti qurumların, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələni dərhal araşdırması, görüntülərdə əks olunan ərazilərə baxış keçirilməsi və qanunsuzluq varsa məsul şəxslərin cəzalandırılması tələb olunur.

Çünki söhbət artıq təkcə ağacdan yox, Azərbaycanın təbii sərvətlərinin taleyindən gedir.

Telexeber.az mövzunu diqqətdə saxlayacaq.
Популярный ролик