Mayın 22-də Gəncədə yağan aramsız yağış bir sıra ciddi fəsadlara səbəb olub. Güclü yağışdan sonra Gəncə Dövlət Milli Dram Teatrının binasında təhlükəli vəziyyət yarandığı bildirilir.
Əldə olunan məlumata görə, teatrın texniki otağında yerləşən su nasoslarına baxış keçirmək üçün zirzəmiyə enən əməkdaş geri qayıtmaq istəyərkən yağış sularının sürətlə yığılması səbəbindən içəridə köməksiz vəziyyətdə qalıb. Bildirilir ki, suyun səviyyəsi qapının yarısından çox hissəsini tutduğundan əməkdaşın çıxışı mümkünsüz olub.
Hadisə zamanı teatrın digər əməkdaşları dərhal vəziyyətə müdaxilə edərək içəridə qalan işçini xilas etməyə nail olublar. Xoşbəxtlikdən hadisə faciə ilə nəticələnməyib.
Baş verənlər teatr binasının texniki vəziyyəti, yağış sularının axıdılması sistemi və təhlükəsizlik məsələləri ilə bağlı suallar yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülər də ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, hadisənin videogörüntüləri Telexeber.az-ın rəsmi YouTube səhifəsində yayımlanıb.