Salahov Yaşar-15 İyun Milli Qurtuluş Günü: Azərbaycanın Güclü Gələcəyinin Möhkəm Təməli


Azərbaycan xalqının müasir tarixində mühüm əhəmiyyət daşıyan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik salnaməsinin ən şərəfli və qürurverici səhifələrindən biridir. Bu əlamətdar gün Azərbaycan dövlətinin xilası, milli birliyin bərpası və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi tarixi məna daşıyır.

1993-cü ilin iyununda ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dövlətçiliyimizə yönəlmiş təhdidlər və yaranmış böhran Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Belə bir çətin məqamda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin gələcəyini xilas edən tarixi qərar oldu. Məhz 15 iyun tarixindən etibarən Azərbaycanda sabitlik, inkişaf və dövlət quruculuğu prosesinin yeni mərhələsi başlandı.

Bu gün qürurla deyə bilərik ki, həmin tarixi qərarın nəticələri müasir Azərbaycanın uğurlarında aydın görünür. Güclü dövlətçilik ənənələri formalaşdı, iqtisadi inkişaf təmin edildi, beynəlxalq nüfuzumuz yüksəldi və nəhayət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixi Zəfərə imza atdı. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və sonrakı dövrdə ölkəmizin tam suverenliyinin təmin olunması Milli Qurtuluş ideyalarının real nəticəsi kimi tarixə yazıldı.

Milli Qurtuluş Günü münasibətilə fikirlərini bölüşən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktor müavini Salahov Yaşar Hüseyn oğlu bildirib ki, 15 İyun Azərbaycan xalqının milli iradəsinin, dövlətinə sədaqətinin və gələcəyə inamının rəmzidir.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə inkişaf yolunda inamla irəliləyir:

"Milli Qurtuluş Günü Azərbaycanın bugünkü gücünün və qüdrətinin başlanğıc nöqtəsidir. Bu gün əldə etdiyimiz nailiyyətlər, qurulan abad şəhərlər, salınan parklar, yaşıllıqlar, həyata keçirilən ekoloji layihələr və insanların rifahı naminə görülən bütün işlər dövlətimizin güclü siyasətinin nəticəsidir. Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqil, güclü və qalib dövlətin vətəndaşıdır."

Salahov Yaşar Hüseyn oğlu qeyd edib ki, ölkəmizdə ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın təmin olunması istiqamətində həyata keçirilən layihələr də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə görülən işlər gələcək nəsillərə daha sağlam və gözəl Azərbaycan bəxş etmək məqsədi daşıyır.

Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Çünki 15 İyun yalnız bir tarix deyil, dövlətçiliyimizin xilası, müstəqilliyimizin qorunması, milli həmrəyliyimizin təntənəsi və Zəfərə aparan yolun başlanğıcıdır.

15 İyun – Milli Qurtuluş Günü mübarək olsun! Yaşasın müstəqil, güclü və qalib Azərbaycan!
Популярный ролик