Son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq nəzarətinə təqdim edilmədən satışının həyata keçirildiyi faktları aşkar edilməkdədir.
AQTA-dan Telexeber.az-a verilən məlumata görə, heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən satışı əhalinin zoonoz xəstəliklərə yoluxmasına zəmin yaradır:
“Belə ki, aparılan dövlət nəzarəti tədbirləri zamanı bəzi quşçuluq təsərrüfatlarının baytarlıq nəzarətindən yayınaraq, məhsullarını müxtəlif ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə təqdim etməsi cəhdləri olur.
Baytarlıq nəzarətindən keçmədən quş əti və məhsullarının istifadəsi zamanı insanların virus mənşəli Quş qripi, Nyukasl, bakterial mənşəli Salmanelyoz, Kompilobakterioz, Yersinyoz, Xlamidyoz, Pasterilyoz, Quş vəbası və s. xəstəliklərə yoluxması təhlükəsi var.
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) üzvüdür. Bu təşkilat dünya üzrə baş verən zoonoz infeksiyalar haqqında 182 üzv ölkəyə gündəlik olaraq məlumatlar verir. Daxil olan məlumatlar əsasında ölkə ərazisini xaricdən keçə biləcək zoonoz, ekzotik və digər zoonoz xəstəliklərdən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu notifikasiyalar əsasında Ukrayna, Rusiya, Qazaxıstan, Polşa, Almaniya, İtaliya, ABŞ və s. 20 ölkənin müxtəlif vilayətlərində baş verən quş qripi xəstəliyinə görə Rusiya və Bolqarıstanın müxtəlif vilayətlərində baş vermiş Nyukasl xəstəliyinə görə diri quş, quş əti və məhsullarının ölkəyə idxalı dayandırılmış və təlimata uyğun prosedurlar həyata keçirildikdən sonra idxala icazə verilib”.
Rəsmiməlumata görə, cari ildə ölkəyə idxal olunan quş əti və məhsulları üzərində həyata keçirilən risk əsaslı nəzarət tədbirləri zamanı laborator müayinələr üçün nümunələr götürülmüş və normativ texniki sənədlərin tələblərinə cavab verməyən Rusiya, Belarus, Ukrayna, Gürcüstan mənşəli 49.307 ton toyuq məhsulu məhv edilib, 30.964 ton toyuq məhsulu isə geri qaytarılıb:
“Yerli quşçuluq müəssisələrində də aparılan monitorinqlər zamanı aşkar olunan norma və qayda pozuntuları bu sahədə vəziyyətin qənaətbəxş olmadığının gostəricisidir. Bəzi təsərrüfatlar nəinki özləri effektiv baytarlıq nəzrətini təşkil etmir, həmçinin dövlət baytarlıq nəzarətinin təmin edilməsinə də maneələr yaradılmasına cəhd edirlər.
Agentlik tərəfindən bu müəssisələrdə nəzarət qaydasında həyata keçirilən fəaliyyət zamanı quş cəmdəklərinin ayaqqabı sənayesində dərilərin boyanması üçün istifadə edilən anilin boyası vasitəsilə sarı rəngə boyayaraq kənd toyuğu adı altında insanlara satılması, toyuğun çəkisini artırmaq məqsədilə cəmdəklərə 30-40 faiz su vurulması, istifadə müddəti keçmiş quş əti və məhsullarının, habelə yumurtanın istehsal tarixini dəyişərək yenidən satış şəbəkələrinə qaytarılması, müxtəlif xəstəliklərdən quşların kütləvi ölüm hallarının gizlədilməsi və s. kimi halların aşkar olunması bu müəssisələrə dövlət nəzarətinin vacibliyini bir daha zəruri edir. Aşkar edilmiş bu pozuntular ictimailəşdirilərək, geniş istehlakçı kütlələri məlumatlandırılmış və əhalinin ciddi və haqlı qınağı ilə qarşılanıb.
Bildiririk ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, heyvan mənşəli məhsulların saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsulun qəbuluna, saxlanması və satışına yol verilir.
Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edərək bildirir ki, dünyada yayılmaqda olan COVID-19 pandemiyası şəraitində bəzi işbazlar təsərrüfat subyektlərinin sahibləri ilə əlbir olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən heyvan mənşəli məhsulların satışa təqdim edilməsi hallarına yol verirlər ki, bu da əhali arasında kəskin zoonoz infeksiyalarının yaranmasına səbəb ola biləcək qanun pozuntusudur. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq qanunvericiliyinin pozulmasına görə bu sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən sərt tədbirlər görüləcək”.