Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı.
Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük
ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin
məqsədi məhz bundan ibarət idi. Laçının işğal altına düşməsindən sonra demək olar
ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və
ilk növbədə silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda,
Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.
Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan
Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına
düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə
onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər,
bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi.
Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı.
İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən
artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdü. İşğal nəticəsində rayonda
dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmiş, 54 dünya, 200-dən çox yerli
əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. Ermənistan işğalçı tərəf olaraq
Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın
rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və
qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar
olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin
dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu.
İşğaldan 28 il sonra Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və
tarixi ədaləti bərpa etdi: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi
rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə
etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş
Ermənistan dekabrın 1-də Laçın rayonunu təhvil verdi. Lakin bundan əvvəl, yəni
noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan
Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laşın rayonunda
genişmiqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Rayonda generasiya gücü 8
meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000
nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-
nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına
əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol
üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası
bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin
ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir.
Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan
verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır.
Təhminə Kərimova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı