Prezident cənab İlham Əliyevin mayın 28-də Laçına etdiyi səfər müddətində
verilən ismarıclar, açılışı olan tikililər, bir sözlə, səfərin hər məqamı bir hadisədir.
Özəlliklə, işğaldan azad olunmuş torparlarımızda, mürəkkəb relyefə – dərin dərələrə,
yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək
qürurvericidir. Sovet hökuməti özünün bütün mövcudluğu dövründə Laçına,
Kəlbəcərə, bütün Qarabağa təmin edə bilmədiklərini müstəqil Azərbaycan dövləti çox
qısa müddətdə icra etməyə başlayıb. Laçın, Kəlbəcər heç vaxt malik olmadıqlarına
malik olacaq. Kəlbəcərin, Laçının – bütöv Qarabağın 30 ilə yaxın davam etmiş işğal
illərində aldığı yaraları göz önündə tutsaq, indi görülən işlər heyrətamizdir. Kəlbəcər
və Laçının mürəkkəb relyefi məlumdur. Nəzərə alsaq ki, bu mürəkəb relyef orada
müdafiə olunan üçün əlverişli, üzüyuxarı əks - hücumda olan tərəf üçün çox
əlverişsiz idi. 44 günlük müharibədə Ağdam da daxil olmaqla, məhz Laçın və
Kəlbəcərin genişmiqyaslı döyüşlər olmadan azad edilməsi, bu anlamda, yüksək
dəyərə malikdir. Azərbaycan Prezidentinin diplomatik hünəri, şanlı ordumuzun gücü,
44 gündə əldə edilmiş uğurlu hərbi nəticələr işğalçını və onun havadarlarını məcbur
etdi ki, anlaşmaya gəlsin, üç rayonu tərk etsin.
Biz Kəlbəcərdə döyüşlərin ilk günlərində irəliləyişlərə nail olmuşduq – Murov
dağı və ətrafında strateji yüksəklikləri azad edib, düşmənin Basarkeçər – Kəlbəcər
yolundan istifadəsinin qarşısını almış, bir sözlə, düşmənin hərəkətlərini
məhdudlaşdırmışdıq. Ordumuzun igid aslanları düşmənin təsəvvür etmədiyi uğurlar
qazanmışdı, ancaq o uğurları Kəlbəcərin bütün ərazisi boyu davam və inkişaf
etdirmək çoxsaylı itkilər olmadan qeyri-mümkün idi. Məhz Ali Baş Komandan,
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli ordumuzun şücaəti
nəticəsində erməniləri o torpaqlardan çıxmağa məcbur etdik. Məlumdur ki,
Ermənistan tərəfi danışıqlar dövündə bütün Laçın rayonunun onlara dəhliz kimi
verilməsində israr edir, bəzi Qərb dairələri isə bu mövqeyi dəstəkləyirdi. Bu
məqsədlə Ermənistan rəhbərliyi tərəfindən işğal dövrü ərzində əvvəllər ümumiyyətlə
ermənilər yaşamayan Laçın rayonunda ciddi şəkildə qanunsuz məskunlaşdırma
aparılmış, bölgənin demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsinə cəhdlər
edilmiş, dünya birliyi isə buna səssiz qalmışdır. Buna görə də ermənilər işğal
dövründə hərbi cinayət törədərək ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti
həyata keçirirdilər. Laçında ermənilər heç vaxt kompakt şəkildə yaşamayıblar. 1992-
ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya
əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar olublar. Ermənilərin sayı isə
barmaqla sayılacaq qədər az idi. Yalnız 2003-cü ildən etibarən, əsasən Yaxın
Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşdırılmasına başlanılıb.
Ermənistanın statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni
ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Ermənilər qanunsuz məskunlaşdırma
siyasətini Kəlbəcərdə də davam etdirmişdilər. Ermənilər rayonda uzun müddət qızıl
yataqlarını, mineral su və ağac ehtiyatını istismar ediblər. Kəlbəcərdə salınan ilk
erməni yaşayış məntəqəsində 44 ailədən 131 sakin yaşayırdı. Sonrakı mərhələlərdə
Suriya və Livandan köçürülən ermənilərin hesabına Kəlbəcərdə qanunsuz
məskunlaşdırma siyasəti davam etdi. Buradan keçən Vardenis-Ağdərə yolu Gorus-
Xankəndi yolundan sonra Qarabağı Ermənistanla birləşdirən alternativ yol idi. 2018-
ci ilin oktyabrın 15-də Livanda fəaliyyət göstərən "Artsax Ruts İnvestment"investisiya
təşkilatının nümayəndələri separatçı rejimə Kəlbəcər rayonunun
mərkəziyaxınlığında 50 evin tikintisi barədə də sənədlər təqdim etmişdi. Yeni
şəhərcik avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəkdi.
Ümumiyyətlə, işğadan azad olunana qədər Murovdan Araz çayına kimi
ermənilərin qanunsuz məskunlaşdırıldığı xeyli kənd, qəsəbə var idi. Kəlbəcər və
Laçın rayonları faktiki olaraq, ərazicə Ermənistana bağlanmışdı. ATƏT missiyasının
hesabatlarından təsdiqlənən məlumatlara görə, 90-cı illərinin ortalarından başlayaraq
təkcə 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min
erməni köçürülmüşdü. Prezident İlham Əliyev 28 may tarixində Laçın şəhərində
çıxışında qeyd etmişdir: “Laçın və Kəlbəcərdə ermənilər qanunsuz məskunlaşma
aparırdılar. Qanunsuz məskunlaşma beynəlxalq konvensiyalarla hərbi cinayət
sayılır”. Beynəlxalq humanitar hüquq işğalçı ölkənin işğal olunmuş ərazilərdə
demoqrafik vəziyyətin süni şəkildə dəyişməsini qəti şəkildə qadağan edir.Bu
məsələlər, əsasən, 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyası və onların
8 iyun 1977-ci il tarixli Əlavə Protokolları ilə tənzimlənir. Ermənistan adıçəkilən
beynəlxalq sənədlərə 1993-cü ilin iyununda qoşulub və bu sənədlərin tələblərinə
riayət olunması üzrə qeyd-şərtsiz öhdəlik daşıyır. Beləliklə, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların aparıldığı uzun illər ərzində
Ermənistan Azərbaycanla kompromis həll yolunu tapmağı qarşısına məqsəd
qoymayıb, sadəcə prosesi uzatmaqla status-kvonu möhkəmləndirib. Ermənistan bu
müddətdən işğal olunmuş ərazilərdə hərbi cəhətdən mümkün qədər güclənmək,
eləcə də Azərbaycanın işğal olunmuş ərazilərini məskunlaşdırmaq və bununla da
burada yeni demoqrafik vəziyyət yaratmaq üçün istifadə edib. Ermənistan ümid
edirdi ki, bu, həmin torpaqlarda Azərbaycan tarixi varlığının izlərinin silinməsi ilə
birlikdə həmin ərazilərin ilhaqı üçün əsas olacaqdır. Lakin 2020-ci ilin payızında
başlayan Vətən müharibəsi vəziyyəti kökündən dəyişdi və Ermənistanın Azərbaycan
torpaqlarını 30 ilə yaxın işğal etməsinə son qoyuldu.
Nərgiz Cavadova,
Salyan rayon Boranıkənd kənd ümumi orta məktəbin direkroru