Hərbi telejurnalist, ehtiyatda olan mayor Rahib Qərib hərbi ekspert Ədalət Verdiyevdən üzr istəyib.
Telexeber.az xəbər verir ki, bu barədə hərbi-ekspert Ədalət Verdiyev şəxsi "Facebook" hesabında yazıb. O bildirib ki, haqqında yazdıqlarını sübut edə bilməyən Rahib Qəribi məhkəmə üzr istəməyə məhkum edib. Amma Rahib Qərib əldə etdiyi vaxtı onunla barışmağa deyil, onu təhqir etməyə sərf edir.
Ədalət Verdiyevin statusunu olduğu kimi təqdim edirik:
"Adını heç zaman heç harda çəkmədiyim halda haqqında ağlına gələni yazan, lakin yazdıqlarını sübut edə bilməyən Rahib Qəribi məhkəmə üzr istəməyə məhkum etdi. Mənə hüquqi yardım göstərən vəkil Xəlil Məmmədliyə dərin təşəkkürümü bildirirəm. İddianın YAŞAT fonduna 5000 manat vəsait köçürülməsi hissəsi təmin edilmədiyinə görə, apellyasiya sikayəti verəcəyəm.
Rahibin üzr istəmə statusunda adımı heç zaman çəkmədiyi barədə dedikləri doğru deyil. Məhkəmədən barışmaq üçün vaxt alan Rahib gecə saat 1:10-dan 1:20-qədər adımı 15 dəfə çəkib, amma bu növbəti cinayət işinin tərkibi olacaq. Çünki Rahib məhkəməni aldadıb. Əldə etdiyi vaxtı mənimlə barışmağa deyil, məni təhqir etməyə sərf edir. İnsanın özü özünə etdiyi pisliyi, kimsə edə bilməz. Dilinə, barmağına və beyninə sahib ola bilməyənlər cəzasını çəkməlidir.
Üzürlü hesab edin ki, şəxsi məsələni ictimailəşdirməyə məcbur oldum".
Onu da qeyd edək ki, Rahib Qərib "Facebook" səhifəsində Ədalət Verdiyevdən bu formada üzr istəyib. Onun da yazdığı statusu təqdim edirik:
"Ötən ilin sentyabrında “Facebook” səhifəmdə ad çəkmədən hərbi ekspertlərin ordudan qovulması haqda bir status paylaşmışam. Şərhlərdə izləyicilərimin bəziləri Ədalət Verdiyev haqda xoşagəlməz fikirlər yazıblar. Bu səbəbdən də həmin statusu pozmuşam. Üç ay sonra Ədalət Verdiyev mənim haqqımda şəxsi nüfuzuna xələl gətirilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb. İyunun 1-də isə Binəqədi rayon məhkəməsi işlə bağlı təkzib verməklə üzr istəməyim haqda qərar çıxarıb. Mənim yazdığım statusda Ə. Verdiyevin adının çəkilməməsinə, haqqında heç bir ağır, təhqiramiz ifadə işlətməməyimə baxmayaraq, məhkəmə qərarına sayğı göstərərək ona qarşı şəxsi nüfuzuna xələl gətirən ifadə və yanaşmalara görə üzr istəyirəm".