Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media
Forumunun açılış mərasimində çıxışında bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda
aparılan bərpa işləri ilə bağlı Azərbaycan cəmiyyəti olduqca nikbindir və bu işlərə çox
həvəslə yanaşır.
Qırx dörd günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən keçən müddət ərzində
işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş irimiqyaslı
layihələr icra olunur. Yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə
təminatı həyata keçirilir, yaşayış binalarının təməlləri qoyulur. Prezident, Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər yeni səfəri
zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin sürətli icrasına start verilir.
Bu baxımdan, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa,
yenidənqurma, yeni infrastrukturların yaradılması istiqamətində aparılan işlər də
günbəgün sürətlənir. Getdikcə daha çox ərazi minalardan təmizlənir, yaşayış və həyat
üçün vacib olan yeni infrastruktur qurulur. Bundan başqa, kənd təsərrüfatı ilə
əlaqədar yeni fəaliyyət sahələrinin, xidmət, ticarət, tikinti, nəqliyyat və digərlərinin
yaradılması istiqamətində görülən işlər də ürəkaçandır. İndiyədək görülən işlər
göstərir ki, Azərbaycan üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq
yerlə yeksan edilmiş şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək
səviyyədə bərpa etmək əzmindədir və buna qadirdir. Bərpa prosesi ilə bağlı qarşıya
qoyulan hədəflər müxtəlif sahələri əhatə edir. Bu gün işğaldan azad olunmuş ərazilər
elektrik enerjisi ilə tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları
ölkənin vahid enerji şəbəkəsinə qoşulub.
Prezident İlham Əliyev zəfərdən sonra yerli və xarici media nümayəndələri üçün
keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin
geniş spektrinə diqqət çəkərək demişdi: “İndi təsəvvür edin ki, biz üç hava limanı inşa
edirik. Biz 100 kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr
avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt
yol çəkiləcək. Bu gün bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur.
Çünki əsas infrastruktur layihələri artıq gerçəkləşib. Ölkə qarşısında duran çox ciddi
inşaat layihələri də yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik”.
Dövlət başçısının dediyi bu işlərin xeyli hissəsi qısa bir müddətdə yerinə yetirildi.
Məsələn, region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər-Çaylı-Suqovuşan-Talış,
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil
olmadan yeni alternativ avtomobil yolunun tikintisi qısa müddətdə başa çatdırılaraq
istifadəyə verildi. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin
sonunadək başa çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının,
suvarma və paylayıcı kanalların, nasos stansiyalarının və digər su təsərrüfatı
obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin də 2026-cı ilin
sonunadək yekunlaşdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda zəruri
rabitə infrastrukturu qurulmaqla mobil rabitə, radio-televiziya yayımı, xüsusi
radiorabitə, internet, poçt və s. təşkil edilib. Həmin ərazilərdə kənd təsərrüfatı
sahələrinin məhsullarının istehsalı onu göstərir ki, aqrar sektor iqtisadi fəaliyyət
növlərindən biri olacaq. Çünki vaxtilə məcburi köçkün düşmüş vətəndaşlarımızın geri
qayıtması baxımından məşğulluğun təmin edilməsi vacib məsələlərdən biridir. Eyni
zamanda sahibkarlar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına
investisiya qoymaq üçün də əlverişli şərait – vergi güzəştləri yaradılıb. Bu güzəştlərə
əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu
isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması
deməkdir.
44 günlük savaşda qazanılan zəfərdən ötən dörd il ərzində aparılmış işlərin
miqyasını nəzərə alsaq, azad olunmuş ərazilərdə yeni həyatın Böyük qayıdış
proqramına uyğun qurulduğunu daha aydın görərik.
Səlimağa Səlimli
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin direktoru, Əməkdar
müəllim