Vətən müharibəsindən sonra Azərbaycan qalib dövlət kimi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Heç kəsə sirr deyil ki, qırx dörd günlük müharibə gücümüzü, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini nümayiş etdirib. Xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni torpağımızdan qovduq.
Tarixi qələbədən dərhal sonra işğaldan azad edilən torpaqlarda düşmənin 28 il ərzində basdırdığı saysız-hesabsız minaların təmizlənilməsinə başlanıldı və gizli düşmənə qarşı bu çətin, eyni zamanda təhlükəli axtarış-xilasetmə işləri uğurla davam etdirilir. Ardınca isə azad edilən rayonların ərazilərində iri infrastruktur layihələrin icrasına başlanılıb. Həm də ilkin layihələr həyat əhəmiyyətli sahələri, yol, enerji, su və başqa zəruri sahələri əhatə edir.
Düşmən Füzuli şəhərini xarabalığa çevirib, bu yerlərdəki həyat işartılarını belə məhv edib, faşist ermənilər torpağa və ağaclara qəsd ediblər. Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb.
Füzuli Rayon Suvarma Sistemləri İdarəsinin Rəisi Atakişi Babayev onu da bidirir ki, Aşağı Köndələnçay su anbarının ümumi tutumu 9,5 milyon kub metrdir. Bəndin uzunluğu 925 metr, hündürlüyü isə 25 metr təşkil edir. Su anbarının güzgü səthinin sahəsi 1,53 kvadratkilometr təşkil edir. Su anbarının qidalandırıcı mənbəyi əsasən Köndələnçay, qismən Quruçaydır. Ümumilikdə, 3 su anbarının ümumi tutumu 15,5 milyon kub metrdir.
Füzuli əsasən iri kənd təsərrüfatı rayonudur. İşğaldan azad edilən su mənbələrinin istismara verilməsi kənd təsərrüfatı məhsullarının artımına səbəb olacaq. Düşmən tərəfindən yandırılmış, susuzluqdan qovrulmuş torpaqlar cana gələcək, ermənilərdən fərqli olaraq Azərbaycanlılar əzəli və doğma torpaqlarını əsl cənnətə döndərəcək.