Elvin Paşayev:Azərbaycan dinamik inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir.


Məlum olduğu kimi, 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.
Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub.
Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.

Elvin Nazim oğlu Paşayev
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı
Популярный ролик