“Şəhərsalma ili” Binəqədidə tikinti xaosuna çevrilir? – Dövlət qurumlarına SOS!

2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq ili” elan olunmasına baxmayaraq, Bakı şəhərinin Binəqədi rayonunda müşahidə olunan bəzi tikintilər ciddi suallar doğurur. Son günlər redaksiyamıza daxil olan məlumatlar və yerində aparılan müşahidələr göstərir ki, rayonun müxtəlif ərazilərində plansız, təhlükəsizlik normalarına uyğunluğu şübhə doğuran tikililər sürətlə artır.

Məsələn, bəzi ərazilərdə elə obyektlər var ki, tikili artıq demək olar hazır vəziyyətdədir, lakin binanın içindən və damından iki ağac çıxır. Bu fakt həmin tikililərin necə və hansı nəzarət mexanizmi ilə inşa olunduğu barədə haqlı suallar yaradır.

Digər bir ünvanda isə yeni obyektin tikintisi birbaşa yol kənarında qəlib qurularaq beton tökülməsi ilə həyata keçirilir. Halbuki belə obyektlər üçün avtomobillərin dayanacağı, giriş-çıxış təhlükəsizliyi və şəhərsalma normaları nəzərə alınmalıdır. Görünən mənzərə isə tam əksini göstərir.

Daha narahatedici məqamlardan biri isə böyük bir ərazinin hasara alınaraq orada anbar tipli tikilinin inşa olunmasıdır. Maraqlısı budur ki, həmin ərazinin təxminən bir metrliyində neft qaçalkası yerləşir. Belə riskli zonada tikintinin aparılması təhlükəsizlik baxımından ciddi suallar doğurur.

Bununla da bitmir. Bəzi hallarda yol kənarına baxan hasar sökülərək birbaşa obyekt açıldığı iddia olunur ki, bu da şəhərsalma və təhlükəsizlik qaydalarının açıq şəkildə pozulması kimi qiymətləndirilir.

Ortaya çıxan əsas sual isə budur:
Bu tikililərin keyfiyyətinə və qanuniliyinə kim nəzarət edir?

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunur. Çünki yaranan vəziyyət göstərir ki, əgər bu proseslərə vaxtında müdaxilə edilməzsə, şəhərsalma qaydalarının pozulması adi hala çevrilə bilər.

Telexeber.az olaraq bildiririk ki, qeyd olunan ərazilərlə bağlı foto və faktlar da ictimaiyyətə təqdim olunacaq. İctimai maraq doğuran bu məsələnin araşdırılması və qanun çərçivəsində tədbir görülməsi vacib hesab olunur.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə operativ reaksiya verəcək və “Şəhərsalma və Memarlıq ili”nin ruhuna uyğun olaraq qanunsuz tikintilərin qarşısı alınacaq.
Популярный ролик