Binəqədi rayonunda baş verən qanunsuz tikinti və söküntü işləri sakinlərin ciddi narazılığına səbəb olub. İddialara görə, xüsusilə şənbə və bazar günləri, eləcə də bayram ərəfəsində gizli şəkildə aparılan işlər insanların rahatlığını pozur və qanunların məqsədli şəkildə pozulduğu təəssüratını yaradır.
Telexeber.az-ın YouTube səhifəsində yayımlanan iki ayrı video faktda açıq şəkildə görünür ki, ərazidə ağır texnikalar vasitəsilə tikinti və söküntü işləri həyata keçirilir. Sakinlərin sözlərinə görə, bu işlər məhz nəzarətin zəif olduğu vaxtlarda aparılır.
Görüntülərdən belə qənaət yaranır ki, tikinti və söküntü prosesləri müvafiq icazələr olmadan və ya mövcud qaydalar pozularaq həyata keçirilir. Ən ciddi narazılıq isə ondan ibarətdir ki, bu fəaliyyətlər nəticəsində səs-küy artır, ətraf mühit çirklənir və insanların istirahət hüququ pozulur.
Sakinlər bildirir ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq, problemin həlli istiqamətində ciddi addım atılmır. Bu isə ictimaiyyətdə suallar doğurur: qanunsuz tikintilərə kim “göz yumur”?
Qeyd: Sözügedən videogörüntülər Telexeber.az-ın rəsmi YouTube səhifəsində yayımlanıb və artıq sosial şəbəkələrdə geniş müzakirə olunur.
Çağırış: Binəqədi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və hüquq-mühafizə orqanları məsələni dərhal araşdırmalı, qanunsuz fəaliyyətlərə son qoymalıdır.
Sakinlərin rahatlığı və qanunun aliliyi təmin olunmalıdır!