
Bakı şəhərinin Binəqədi rayonunda müşahidə olunan bəzi tikinti işləri şəhərsalma qaydaları və təhlükəsizlik normaları ilə bağlı ciddi suallar yaradır. Redaksiyamıza daxil olan fotolar göstərir ki, ərazidə aparılan tikinti işləri həm piyadalar, həm də ümumi təhlükəsizlik baxımından narahatlıq doğurur.
Görüntülərdən aydın olur ki, ərazidə yolun kənarında deyil, demək olar ki yolun hərəkət hissəsinin içində yeni obyekt inşa edilir. Belə vəziyyətdə piyadaların hərəkəti üçün demək olar ki yer qalmır. Sakinlər haqlı olaraq sual edir: piyadalar bu yoldan necə keçməlidir?
Digər diqqət çəkən məsələ isə neft buruqlarının yerləşdiyi əraziyə çox yaxın məsafədə anbar tipli tikilinin inşa olunmasıdır. Məlumdur ki, neft hasilatı olan ərazilərdə tikinti aparılarkən xüsusi təhlükəsizlik qaydaları tətbiq olunur. Bu baxımdan sual yaranır: belə bir obyektin məhz bu ərazidə tikilməsinə kim və hansı əsasla icazə verib?
Fotolardan görünən daha bir maraqlı və düşündürücü məqam isə artıq tikilmiş obyektin daxilində ağacların qalmasıdır. Görünür ki, tikinti zamanı mövcud ağaclar nəzərə alınmayıb və nəticədə onlar obyektin içərisində qalıb. İndi isə ortaya yeni sual çıxır: bu ağaclara qulluq göstəriləcək, yoxsa dibi betonlanaraq qurumağa məhkum ediləcək?
Şəhər sakinləri hesab edir ki, belə hallar paytaxtın şəhərsalma siyasəti ilə uyğun gəlmir və müvafiq qurumlar tərəfindən ciddi araşdırılmalıdır.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların mövqeyi maraqlıdır.
Ümid edirik ki, məsələ diqqətdən kənarda qalmayacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

