Binəqədi qəsəbəsində yollar niyə bu vəziyyətə düşüb?


Binəqədi qəsəbəsində yolların vəziyyəti sakinlərin haqlı narazılığına səbəb olmaqdadır. Xüsusilə qəsəbədaxili əsas küçələrdə yaranan çuxurlar, çökmələr və keyfiyyətsiz asfalt örtüyü gündəlik hərəkəti çətinləşdirir. Sakinlərin sözlərinə görə, bəzi hallarda kanalizasiya sisteminin düzgün işləməməsi yol örtüyünün sıradan çıxmasına səbəb olur. Yağışlı havalarda suyun asfaltın altına dolması nəticəsində yollarda iri çuxurlar əmələ gəlir.

Digər əsas problemlərdən biri isə yeni tikililərə material daşıyan ağır tonnajlı yük avtomobilləridir. Gün ərzində intensiv hərəkət edən bu maşınlar onsuz da zəif vəziyyətdə olan yolları daha da yararsız hala salır. Bəzi küçələrdə asfalt örtüyü demək olar ki, tamamilə sıradan çıxıb.

Sakinlərin diqqət çəkdiyi digər məqam podratçı şirkətlərin fəaliyyəti ilə bağlıdır. Bildirilir ki, müxtəlif kommunikasiya və ya texniki işlər üçün yeni çəkilmiş yollar qazılır, iş başa çatdıqdan sonra isə həmin hissələrə keyfiyyətsiz asfalt vurulur. Nəticədə bir neçə yağışdan sonra “yamaq asfalt” yenidən dağılır və problem əvvəlkindən də ağır vəziyyət alır.

Xüsusilə Binəqədi qəsəbəsində mədəniyyət evinin yanından məscid istiqamətinə gedən yol, həmçinin mədəniyyət evindən 170 nömrəli marşrutun son dayanacağına qədər olan hissə ciddi problemlərlə üz-üzədir. Şəhid bulağının qarşısı, eləcə də 170 və 133 nömrəli marşrut xətlərinin kəsişdiyi ərazi sürücülər üçün əsl çətinlik mənbəyinə çevrilib.

Bəzi sakinlər çalaları doldurmaq üçün öz imkanları ilə müxtəlif tikinti tullantıları və yararsız materialları yola tökürlər. Bu isə nə problemi aradan qaldırır, nə də təhlükəsizliyi təmin edir. Əksinə, avtomobillərin təkərlərinə və asqı sisteminə ciddi ziyan vurur.

“Yol mədəniyyətdir” deyirlər. Ancaq bu vəziyyət həmin mədəniyyət anlayışının hansı durumda olduğunu açıq şəkildə göstərir. Məsələ yalnız asfaltın yamaqlanması ilə həll olunmamalıdır. Əvvəlcə problemin kökü araşdırılmalı, kanalizasiya və infrastruktur məsələləri tam həll edilməli, daha sonra keyfiyyətli asfalt örtüyü çəkilməlidir.

Sakinlər aidiyyəti qurumların məsələyə ciddi nəzarət etməsini, gündəlik intensiv istifadə olunan bu yolların əsaslı şəkildə təmir olunmasını gözləyirlər.

Telexeber.az
Популярный ролик