
Son günlər sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Gülnaz Kərimova haqqında yayılan iddialar məktəb kollektivi və valideynlər arasında ciddi narazılıq doğurub. Məsələ ilə bağlı bir qrup valideyn Telexeber.az-a müraciət edərək yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini, məqsədli şəkildə məktəbin nüfuzuna kölgə salmağa hesablandığını bildiriblər.
Valideynlərin sözlərinə görə, ziyalı ailədə dünyaya göz açmış, Qərbi Azərbaycan köklərinə bağlı olan direktor uzun illər təhsil sektorunda savadı, idarəçilik bacarığı və müəllim nüfuzu ilə seçilib. Onların iddiasına əsasən, məhz Gülnaz Kərimovanın rəhbər təyin olunmasından sonra məktəbdə nizam-intizamın, tədris mühitinin və ümumi idarəetmənin dəyişdiyi açıq şəkildə hiss olunmağa başlayıb.
Müraciətdə qeyd olunur ki, məktəbdə görülən işləri görmək üçün “insanda sadəcə göz yox, ağıl və dərrakə də olmalıdır”. Valideynlər bildirirlər ki, məktəbin müəllim heyəti ilə münasibətlərdə sağlam mühit formalaşıb, şagirdlərin təhsil göstəricilərində irəliləyiş hiss olunur və məktəb daxilində əvvəlki dövrlərlə müqayisədə daha ciddi nəzarət sistemi qurulub.
Bunun fonunda bəzi şəxslərin məqsədli şəkildə “ara qarışdırmaq” niyyəti ilə əsassız paylaşımlar etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Valideynlər hesab edir ki, fakt olmadan hansısa rəhbər haqqında ittiham xarakterli məlumat yaymaq nə jurnalist etikası ilə, nə də insan vicdanı ilə uzlaşır.
Onlar xüsusilə vurğulayırlar ki, “əgər ortada fakt yoxdursa, deməli kiməsə böhtan atılır”. Müraciətdə bəzi jurnalistlərin adlarının artıq ictimaiyyətə məlum olduğu, onlardan biri barədə isə qanuni tədbirlərin görüldüyü qeyd edilir. Buna baxmayaraq, görünür ki, müəyyən dairələr hələ də bu məsələdən nəticə çıxarmaq niyyətində deyil.
Valideynlər hesab edir ki, qələm sahibi olmaq böyük məsuliyyətdir və bu məsuliyyət ilk növbədə vicdan qarşısında daşınmalıdır:
“Kim olursan ol, birinci vicdanın olmalıdır. Özünə hörmət qoymasan belə, tutduğun qələmə hörmət etməlisən. Paylaşdığın xəbərdə fakt yoxdursa, deməli sən kiməsə iftira atırsan.”
Məktəb kollektivi və valideynlər əmindirlər ki, əsassız iddialar nə müəllim heyətini, nə də rəhbərliyi ruhdan sala bilməz. Əksinə, belə halların qarşısında həqiqətin və məktəbin nüfuzunun qorunması üçün daha da birlik nümayiş etdiriləcək.