Sumqayıtda 11 saylı məktəbdə idarəçiliklə bağlı iddialar narazılıq doğurur


Son dövrlər Sumqayıt şəhərində yerləşən 11 nömrəli tam orta məktəblə bağlı səsləndirilən iddialar ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub. Məktəbdə idarəçilik prinsiplərinin pozulduğu, qərarların şəffaf verilmədiyi və bəzi məsələlərin qanunvericiliyin tələblərinə uyğun aparılmadığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Valideynlər və bəzi müəllimlər bildirirlər ki, təhsil müəssisəsində sağlam idarəetmə mühiti formalaşmayıb. İddialara görə, məktəbdə müəyyən məsələlərin həllində ayrı-seçkilik müşahidə olunur, müəllim heyəti arasında narazılıq artır, bu isə tədris prosesinə mənfi təsir göstərir.

Məsələ ilə bağlı yayılan məlumatlarda xüsusilə məktəb rəhbərliyinin fəaliyyəti ətrafında müxtəlif ittihamlar yer alır. Sosial şəbəkələrdə və yerli platformalarda məktəbdə qeyri-rəsmi ödənişlərin mövcudluğu, bəzi valideynlərə təzyiq göstərilməsi və məktəb daxilində sağlam münasibətlərin pozulması barədə paylaşımlar diqqət çəkir. Hələlik bu iddiaların rəsmi təsdiqi olmasa da, mövzunun geniş rezonans doğurduğu açıq görünür.

Təhsil eksperləri hesab edir ki, məktəb rəhbərliyinə təyinat zamanı yalnız imtahan nəticələri deyil, eyni zamanda idarəçilik bacarığı, kollektivlə işləmə qabiliyyəti və psixoloji hazırlıq da əsas meyar kimi nəzərə alınmalıdır. Çünki təhsil müəssisəsi sadəcə bina deyil, gələcəyin formalaşdığı mühüm bir mühitdir.

Məktəbdə yaranan narazılıqların əsas səbəblərindən biri kimi şəffaflığın zəif olması göstərilir. İddialara əsasən, bəzi qərarlar kollektivlə müzakirə edilmədən qəbul olunur, müəllimlərin fikir və təklifləri nəzərə alınmır. Bu da həm pedaqoji heyətdə, həm də valideynlər arasında etimadsızlıq yaradır.

Valideynlər aidiyyəti qurumlara müraciət edərək məktəbdə yaranmış vəziyyətin araşdırılmasını, səsləndirilən ittihamların obyektiv şəkildə yoxlanılmasını və qanunvericiliyə uyğun tədbirlərin görülməsini istəyirlər.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Популярный ролик