“Dağın zirvəsində qanunsuz şəhər” – Hökməlidə torpaq oyunu, gizli çəkiliş və müəmmalı “hörmət” təklifi


Abşeron rayonunun Hökməli qəsəbəsində baş verənlər artıq adi torpaq alqı-satqısı məsələsindən çıxaraq ciddi ictimai narahatlıq doğuran vəziyyətə çevrilib. Yüksək təpəlik ərazilərdə sürətlə artan qanunsuz tikintilər, sənədsiz torpaq satışları və ortaya çıxan gizli çəkilişlər bir sıra sualları gündəmə gətirir.

Araşdırmalar zamanı məlum olur ki, şəhərə panoramik mənzərəsi ilə reklam olunan torpaq sahələrinin böyük hissəsi nə tam hüquqi sənədlə təmin olunub, nə də normal kommunal infrastruktura malikdir. Qaz yoxdur, su yoxdur, çıxarış yoxdur. Amma satış davam edir.

Ən diqqət çəkən məqam isə budur ki, bu proses illərdir açıq şəkildə davam etsə də, aidiyyəti qurumların susqunluğu cəmiyyətdə ciddi şübhələr yaradır.

Ərazidə aparılan gizli çəkilişlərdə özünü Hökməli bələdiyyəsinin sədri kimi təqdim edən şəxslə torpaq alqı-satqısı barədə danışıq aparıldığı iddia olunur. Məsələ ilə bağlı səslənən açıqlamalar isə vəziyyətə aydınlıq gətirmək əvəzinə daha çox qarışıqlıq yaradıb.

Verilən açıqlamada konkret ittihamlara cavab vermək əvəzinə:“sosial şəbəkələrdə yayılan məlumatlar”,“araşdırmalar aparılır”,“müvafiq tədbirlər görülüb”kimi ümumi ifadələr işlədilib.

Halbuki ictimaiyyətin gözlədiyi əsas məsələ çox sadədir:Bu torpaqlar qanuni şəkildə satılır, yoxsa yox?

Sakinlərin sözlərinə görə, tikilən evlərin böyük hissəsi yalnız “bələdiyyə sənədi” ilə satılır. Sabah həmin ərazilərlə bağlı hüquqi problem yaransa, məsuliyyəti kim daşıyacaq?


Telexeber.az olaraq məsələyə obyektiv yanaşmaq üçün qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Hazırladığımız xəbəri Hökməli bələdiyyə sədri olduğu bildirilən Orucov Ramil Bəyalı oğlunun “WhatsApp” nömrəsinə göndərdik.

Lakin bundan sonra yaşananlar vəziyyətin görünəndən daha qaranlıq tərəflərinin olduğunu düşündürdü.

Səhəri gün redaksiyamızla əlaqə saxlayan və özünü “jurnalist Mirismayıl” kimi təqdim edən şəxs bildirdi ki, guya Ramil müəllimin mətbuat işlərinə o nəzarət edir və bütün məsələlərin onun vasitəsilə həll olunmasını istədi.


Daha sonra isə bizdən kart hesabı tələb edilərək, “xoş xəbər” paylaşdığımıza görə 20-30 manat “hörmət” ediləcəyi bildirildi.

Açıq deyirik:Telexeber.az heç vaxt kiminsə “hörmət” müqabilində xəbər paylaşan platforması olmayıb.

Məsələ pul məsələsi deyil. Burada əsas problem jurnalistika adına vasitəçilik görüntüsü yaradılması, ictimai suallara cavab vermək əvəzinə qeyri-rəsmi şəxslərin önə çıxarılmasıdır.

Əgər ortada şəffaf fəaliyyət varsa:Niyə jurnalistə rəsmi cavab verilmir?Niyə “mətbuat nümayəndəsi” adı ilə vasitəçilər ortaya çıxır?Niyə vətəndaşın taleyi qeyri-rəsmi danışıqlar fonunda həll olunmağa çalışılır?

Bu səbəbdən də paylaşdığımız müsbət xəbəri silmək qərarı verdik. Çünki həqiqətə söykənməyən görüntünün uzunömürlü olmayacağını yaxşı bilirik.

Bu gün Hökməlidə əsas sual dəyişmir:Dağın zirvəsində tikilən bu “yeni yaşayış massivləri” qanunun gücü ilə qurulub, yoxsa kimlərinsə himayəsi ilə?

İctimaiyyət artıq ümumi açıqlamalar deyil, konkret cavab gözləyir.
Популярный ролик