
Son günlər İmişli rayonunun Qaragüvəndikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ülvi Şükür oğlu Abbasovun fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında müxtəlif ittihamlar səsləndirilir. Məsələ ilə bağlı Telexeber.az-a danışan Ülvi Abbasov yayılan məlumatların qərəzli xarakter daşıdığını və uzun illərdir davam edən şəxsi qarşıdurmanın nəticəsi olduğunu bildirib.
Ülvi Abbasovun sözlərinə görə, onun ünvanına səsləndirilən iddiaların arxasında Qaragüvəndikli kənd sakini, Azturan.az saytının rəhbəri kimi təqdim olunan Əhmədzadə Rafiq İxtiyar oğlu dayanır.
Nümayəndə iddia edir ki, mübahisənin kökü bir neçə il əvvələ gedib çıxır. Onun sözlərinə görə, kənd inzibati ərazi dairəsinin həyəti hesab edilən ərazi qanunsuz şəkildə hasarlanmağa cəhd edilib və bu addım sakinlərin sərbəst gediş-gəlişinə maneə yaradıb.
“Bu məsələ yeni deyil. İllər əvvəl həmin ərazi üzərində qanunsuz sahiblik iddiaları ortaya çıxmışdı. Sakinlərin istifadəsində olan sahəyə nəzarət etməyə çalışırdılar. Bu səbəbdən də kənddə narazılıqlar yaranmışdı”, – deyə Ülvi Abbasov bildirib.
Onun sözlərinə görə, həmin dövrdə baş vermiş hadisələr hüquq-mühafizə orqanlarının da diqqətində olub və müxtəlif araşdırmalar aparılıb.
Ülvi Abbasov qeyd edib ki, fəaliyyəti dövründə dəfələrlə müxtəlif dövlət qurumlarına şikayətlər göndərilib, o cümlədən korrupsiya ilə bağlı müraciətlər edilib. Lakin aparılan yoxlamalar nəticəsində onun fəaliyyətində hər hansı qanun pozuntusu müəyyən edilməyib.
“Kiminsə qanunsuz tələblərinə razılıq vermədiyim üçün illərdir təzyiq və qarayaxma kampaniyası ilə üzləşirəm. Müxtəlif qurumlara müraciətlər olunub, yoxlamalar keçirilib. Nəticədə heç bir qanun pozuntusu aşkarlanmayıb. Mən fəaliyyətimi qanun çərçivəsində qurmuşam və bundan sonra da belə davam edəcəyəm”, – deyə nümayəndə vurğulayıb.
Telexeber.az tərəfindən Qaragüvəndikli kəndində aparılan sorğu zamanı bir sıra sakinlər də öz mövqelərini bildiriblər. Sakinlərin sözlərinə görə, Ülvi Abbasov uzun illərdir kənddə fəaliyyət göstərir və bir çox hallarda iş vaxtından kənar da vətəndaşların müraciətlərinə baxır.
Sakinlər arasında keçirilən sorğuda bildirilib ki, nümayəndə şəhid ailələrinin, qazilərin, veteranların və sosial qayğıya ehtiyacı olan ailələrin problemlərinin həllinə imkanları daxilində dəstək göstərməyə çalışır.
“Bizim müraciətlərimizə baxır, problemlərimizi dinləyir. Elə günlər olub ki, şənbə və bazar günləri də kənddə olub, sakinlərlə görüşüb”, – deyə kənd sakinləri bildirib.
Məsələ ilə bağlı hüquqi ekspertlər qeyd edirlər ki, dövlət qulluqçularının fəaliyyəti ilə bağlı hər hansı ittiham və ya iddia mövcuddursa, bunun hüquqi qiyməti yalnız səlahiyyətli dövlət qurumları və məhkəmələr tərəfindən verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər bir şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan təqsirli hesab edilə bilməz.
Hazırda tərəflər arasında qarşılıqlı ittihamlar davam edir. Aidiyyəti dövlət qurumlarının məsələyə münasibət bildirməsi və zərurət yaranacağı təqdirdə hüquqi araşdırma aparması ictimai maraq baxımından vacib hesab olunur.
Onuda diqqətə çatdırmaq istərdim ki,araşdırmamız və kənd sakinləri arasında keçirdiyimiz sorğuda oda məlum oldu ki,2,3 il bundan öncə kənd inzibati ərazi dairəsinin həyəti hesab edilən ərazi, Azturan.az saytının rəhbəri kimi təqdim olunan Əhmədzadə Rafiq İxtiyar oğlu tərəfindən qanunsuz şəkildə hasarlanmağa cəhd olunduğu üçün Rafiq Əhmədzadə ilə, kənd sakini Qurban adlı şəxslə arasında xəsarətlə nəticələnən dava dalaş olmuşdur.Elə bu səbəbdən də Əhmədzadə Rafiq İxtiyar oğluna 1 il 6 ay icbari iş verilmişdir.
Təbii ki,bütün bu iddialar araşdırılacaq və Telexeber.az olaraq bildiririk ki, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə və onların açıqlamalarına yer verməyə hazırıq.
ARDI VAR...