
“Üzərində and içdiyimiz bayraq bizim namusumuz, qürurumuz və məsuliyyətimizdir. Azərbaycan dövlətinin maraqlarının qorunması, dövlətçilik dəyərlərinə sədaqət və vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi hər kəsin əsas vəzifəsidir. Çünki dövlətimizin ən böyük sərvəti onun vətəndaşlarıdır”.
Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunda keçirilən “Məzun Günü” tədbirində çıxış edən millət vəkili Fazil Mustafa deyib. O, çıxışı zamanı dövlətçilik dəyərlərinin qorunmasının, vətəndaşlıq məsuliyyətinin və gənc nəslin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Fazil Mustafa bildirib ki, hər bir vətəndaş dövlət rəmzlərinə, xüsusilə də bayrağa böyük ehtiramla yanaşmalıdır. Millət vəkili təhsil sahəsində çalışan şəxslərin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib:
“Siz təhsil sahəsində çalışan insanlar olaraq, ilk növbədə cəhalətə qarşı mübarizə aparan, gənc nəslin maariflənməsinə xidmət edən şəxslərsiniz. Bu baxımdan, cəmiyyətin inkişafında və Azərbaycanın gələcəyinin formalaşmasında sizin üzərinizə böyük məsuliyyət düşür”.
Fazil Mustafa çıxışında ölkədə həyata keçirilən strateji layihələrə də toxunaraq qeyd edib ki, bu təşəbbüslər Azərbaycanın inkişafına və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir:
“Bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmişdir. Layihənin əsas məqsədi vətəndaşların rifahının yüksəldilməsi, iqtisadiyyatın inkişafı və dövlətin strateji hədəflərinin həyata keçirilməsidir. Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyan bu təşəbbüs ölkənin gələcək inkişafına mühüm töhfə verəcəkdir”.