
Estetik prosedurlar insanlara özünəinam və məmnunluq qazandırmalıdır. Ancaq bəzən yüksək məbləğlər ödənilməsinə baxmayaraq, gözlənilən nəticənin əldə olunmadığı iddiaları gündəmə gəlir.
Telexeber.az-a müraciət edən iki pasiyent iddia edir ki, 30 may tarixində GULARA Medical klinikasında üz nahiyəsinə dolğu və botoks prosedurları etdiriblər. Onların sözlərinə görə, biri 540 manat, digəri isə 700 manatdan çox ödəniş etsə də, gözlədikləri estetik effekti əldə etməyiblər.
Pasiyentlər bildirirlər ki, prosedurdan sonra üzlərində vəd edildiyini düşündükləri dəyişiklik baş verməyib və nəticə onları qane etməyib. Onların fikrincə, ödənilən məbləğlə əldə olunan nəticə arasında ciddi uyğunsuzluq var.
Məsələ ilə bağlı Telexeber.az qarşı tərəfin də mövqeyini öyrənib.
Həkim-kosmetoloq Vəfa Hüseynova redaksiyamıza bildirib ki, hər hansı məlumat ictimailəşdirilməzdən əvvəl tibbi sənədlər, prosedurdan əvvəl və sonrakı fotolar, eləcə də mümkün tibbi ağırlaşmalar araşdırılmalıdır. O vurğulayıb ki, Səhiyyə Nazirliyinin rəsmi portalında qeydiyyatda olan həkim-kosmetoloqlardan biridir.
Lakin bu cavab narazı pasiyentlərin əsas sualını cavablandırmır: əgər prosedur uğurlu hesab olunursa, niyə müştərilər gözlədikləri nəticəni əldə etmədiklərini bildirirlər?
Estetik xidmətlərdə pasiyentin məmnunluğu mühüm amildir. Xidmətə görə yüksək ödəniş edildiyi halda nəticə ilə bağlı narazılıq yaranırsa, bu, izah tələb edən məsələdir.
Telexeber.az hesab edir ki, belə hallarda ən doğru yol mübahisənin tibbi sənədlər, ekspert rəyləri və obyektiv sübutlar əsasında araşdırılmasıdır. Oxucuların doğru məlumat almaq hüququ olduğu kimi, xidmət göstərən tərəfin də öz mövqeyini tam şəkildə təqdim etmək hüququ var.
Qeyd: Xəbərdə yer alan pasiyentlərin fikirləri onların iddialarıdır. Hazırda bu məsələ ilə bağlı məhkəmə qərarı və ya rəsmi ekspertiza rəyi açıqlanmayıb. Telexeber.az yeni fakt və sənədlər təqdim olunacağı təqdirdə onları da dərc etməyə hazırdır.
Ardı var....