Təhlükəsiz tibbi xidmətin əsası keyfiyyətli təlimdir - Millət vəkili
- 08.07.2026, 12:44,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

“Simulyasiya Mərkəzi təhsillə real klinik təcrübə arasında körpü olacaq”.
Telexeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin VII çağırış deputatı Pərvanə Vəliyeva TƏBİB və bp-nin tərəfdaşlığı ilə Yeni Klinikada yaradılan Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.
Deputat bildirib ki, müasir tibbi yanaşmalar və yeni praktiki metodlar tibb mütəxəssislərinin peşə bacarıqlarının davamlı şəkildə təkmilləşdirilməsini zəruri edir.
"Tibb təhsili təkcə nəzəri biliklərdən ibarət ola bilməz. Tibbi işçilərin real həyatda qarşılaşa biləcəkləri çətinlikləri əvvəlcədən öyrənə və məşq edə biləcəkləri təhlükəsiz mühitə ehtiyac var. Simulyasiya və Təlim Mərkəzi məhz bu strateji baxış əsasında yaradılıb. Burada quraşdırılan müasir texnologiyalar vasitəsilə tibbi işçilər real klinik şəraitdə rastlaşa biləcəkləri mürəkkəb ssenariləri idarə olunan mühitdə işləyə və həmin vəziyyətlərə əvvəlcədən hazırlaşa biləcəklər".
Deputat vurğulayıb ki, bu proses pasiyent təhlükəsizliyi tam nəzərə alınmaqla, heç bir zərər riski yaratmadan həyata keçiriləcək.
“Bu mərkəz yalnız təlim məkanı deyil, həm də təhsillə real klinik təcrübə arasında mühüm körpü rolunu oynayacaq. Pərvanə Vəliyeva bildirib ki, mərkəz gələcəkdə peşəkarlıq və mükəmməllik mərkəzi kimi fəaliyyət göstərə, Azərbaycanda və regionlarda çalışan tibbi işçilərin müasir təlim resurslarına çıxışını təmin edə bilər".