Gəncə təhsili görün KİMLƏRİN ƏLİNDƏDİR... - Nazirin nəzərinə...

Gəncə təhsili görün KİMLƏRİN ƏLİNDƏDİR... - Nazirin nəzərinə...Sizə kimdən deyək, kimdən danışaq, Gəncə şəhər 5 saylı tam orta məktəbin direktoru Bəhram İmranovdan. Onun əndrəbadi dosyesi barəsində etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, adam Gəncə Pedaqoji Universtitetinin Riyaziyyat fakültəsini birtəhər bitirdikdən sonra “kəşf” edib ki, məktəbdə dəqiq elmlərin əsasını öyrədən riyaziyyat fənnini tədris etməyə savadı çatmır. Çıxış yolunu ixtisasını daha asan zənn etdiyi humanitar fənn tədrisinə — tarix müəllimliyinə dəyişməkdə görüb. Hərçənd, saxta “ixtisasartırma” əməliyyatı ilə bu məqsədinə nail olandan sonra da de-fakto şagirdlərə dərs deməyib, amma uzun müddət adı jurnalda gedib.


Müəllimlik etməyi cansıxıcı, azgəlirli, vaxtaparan, səmərəsiz məşğuliyyət hesab edən Bəhram “müəllim” zirəklik göstərib Gəncə Şəhər Təhsil İdarəsinin kadrlar şöbəsinin müdiri vəzifəsinə yiyələnib. Keçmiş idarə rəisləri Cəlal Fətullayevin, Mahal Əliyevin vaxtında Azərbaycanın ikinci paytaxtı sayılan Gəncə kimi böyük şəhərin təhsil sistemində kadr təyinatı və yerdəyişmələrində söz sahibi olaraq “qaz vurub qazan doldurub”. Eynən özünün getdiyi əyri yolu başqalarına da göstərməklə, onlarla, yüzlərlə qeyri-ixtisas sahibini özünün şəxsi maraqları naminə uyğun olmayan ixtisaslar üzrə işlə təmin edib. Bu saxtakarlıqları həm necə deyərlər, “ayaq tutub” həm də “yeriyib”. Əldə etdiyi haram kapital hesabına Xoşbulaqda özünə dəbdəbəli villa, Gəncədə 3 saylı xəstəxananın qarşısında Beynəlxalq bankın üstündə ev, oğluna Gəncədə 38 nömrəli şəhərcikdə mülk və başqa-başqa yerlərdə obyektlər inşa etdirib, biznes qurub, bahalı avtomobil alıb.
Doğrudur, Gəncə ŞTİ-nə Zakir Hüseynov rəis təyin olunanda İmanovun işi “axsayıb”, təzə rəis onu qanunsuz əməllərinə görə vəzifəsindən qovub. Bir tərəfdən də rüşvət alıb qanunsuz işə götürdüyü ixtisası uyğun gəlməyən şəxslər də məyus olublar və Bəhramdan pullarını geri tələb ediblər. Hamının onun cinayət məsuliyyətinə cəlb olunacağını gözlədiyi halda, İmranov görünür, cinayət təqibçiləri ilə “dil tapmağı” bacarıb. Bir də məlum olub ki, o, artıq Gəncə şəhər 5 saylı tam orta məktəbə direktor təyin olunub.
Bütün bu sadaladığımız məlumatlara münasibətini öyrənmək üçün B.İmranova zəng vurub suallarımızı verməyə başlayanda o, təxmin etdiyimiz kimi, acıqlı cavab verdi: «Mən bu günə qədər bir gün də olsa auditoriyada dərs deməmişəm, bir də ki,bunun sizə dəxli yoxdur, gedin, öz işinizlə məşğul olun”.
Sual yaranır, bəs görəsən bir gün də olsa belə auditoriyada olub dərs deməyən bir pedaqoqun sənədlərini cənab Prezidentin stolunun üstünə kim qoyub ki, Prezident də ona «Əməkdar müəllim» adı verib?
Gələn sayımızda busuallara cavab tapmağa çalışacağıq.
Xeyr, ağa Bəhram, bu, həm də bizim işimizdir. Təkcə jurnalist olduğumuza görə yox, həm də valideyn olduğumuza görə, həm də gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi işinə biganə qala bilməyən, yeniyetmə və gənclərimizin aqibətindən narahat olan vətəndaş olaraq.
P.S. Yeri gəlmişkən, Bəhram İmranovun yaşı 65-i keçsə də, nədənsə ona yaş senzi tətbiq olunmur. İki nəfər əməkdar müəllim — Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktoru olmuş Həsənov İlham Musa oğlu və 29 nömrəli tam orta məktəbin direktoru olmuş Hüseynov Valeh Məmməd oğlu yaş senzinə görə işdən çıxarıldıqlarına görə Gəncə ŞTİ-nin hazırki rəisi Anar Qədiməliyevə ünvanlı gileylərini mətbuata çıxaranda bu fakta toxunmuşdular.

P.S.S. Xatırladaq ki, İlham Həsənov baş prokurora dərs deyib, Valeh Hüseynovun oğlu isə Vətən müharibəsində şücaət göstərmiş igidlərimizdəndir. Görünür, Bəhram İmranovun Anar Qədiməliyev qarşısındakı “xidmətləri” daha böyükdür. Mövzuya qayıdacağıq.

Habil Tağıyev,Deryaz.az
Популярный ролик