Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır
İyun ayının 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. Açılış
mərasimində ölkə prezidenti cənab İlham Əliyev iştirak etdi. İyunun 4-dək davam edən
Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri – 27-ci Beynəlxalq Xəzər Neft və
Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və
Bakı Enerji Forumunu birləşdirib. Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət
iştirak edir.
Ötən əsrin sonunda Azərbaycanda mühüm hadisə baş verdi, respublikamızdan
Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı
gerçəkləşdi. Bunun nəticəsində Azərbaycan ixrac fəaliyyətinə başladı və bir sıra
ölkələrin tələbatlarını ödədi. Eyni zamanda, respublikamız tərəfdaşları ilə birgə qaz
mənbələrinin, xüsusən də, dünyada ən iri qaz yataqlarından sayılan “Şahdəniz”in
kəşfiyyatına başladı.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri isə 2007-ci ildə istismara verildi.
Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql
edilməyə başladı. Bundan bir il əvvəl – 2006-cı ildə isə Xəzəri Aralıq dənizi ilə
birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi reallaşdı. Bütün bunlar neft-
qazın beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə kimi mühüm
əhəmiyyətə malik idi.
Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan, ümumiyyətlə, Azərbaycanın
bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar
edilir. Bu, əlbəttə, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə
baxımından çətin infrastruktur layihələrin icrasında ölkəmizin gücünün, bu sahədə
qazanılan bilik və bacarığın təzahürüdür. Həmçinin bu layihələrin çox mürəkkəb siyasi
mühitdə həyata keçirilməsi də xüsusi diqqət çəkir.
Prezident İlham Əliyev belə bir tarixi məqamla bağlı Bakı Enerji Həftəsi
çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki
çıxışında deyib: “Bu, regional enerji təhlükəsizliyi məsələlərinə aid olan mühüm tarixi
hadisə idi. Əlbəttə ki, o, Azərbaycan ilə onun qonşuları - Türkiyə və Gürcüstan arasında
regional əməkdaşlığı gücləndirdi. Bununla belə, planlarımız bundan da böyük idi. Təbii
ki, biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istifadə etmək istəyirdik və əlbəttə, bu
məqsədlə bizə yeni boru kəməri lazım idi. Mən deyərdim, XXI əsrin boru kəməri –
Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu
günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük
uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən
tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi
qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə
başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda
qlobal enerji layihələrinə çevrilib”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri özündə
birləşdirən mürəkkəb bir layihədir. Dəhlizin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz
Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Prezident İlham
Əliyev Cənub Qaz Dəhlizinin böyük əhəmiyyəti barədə deyib: “Milli səviyyədə
koordinasiya bizə bu nəhəng layihənin - XXI əsrin ən böyük layihələrindən biri olan
Cənub Qaz Dəhlizinin icrasını həyata keçirməyə kömək etdi. Dəyəri 33 milyard ABŞ
dolları təşkil edən bu layihə enerji və tikinti şirkətlərinin, investorların fəal iştirakı ilə
reallaşdı. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli
idi”.
Prezident İlham Əliyevin rəsmi açılış mərasimində vurğuladığı kimi, Cənub Qaz
Dəhlizi, eyni zamanda, nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa

imkan yaradır. Bu, hazırda artıq özünü büruzə verir. Cəmi bir il beş aydır ki, Azərbaycan
həmin müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir.
Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm
Azərbaycan, həm də tərəfdaşlar üçün zəruridir. Ölkəmiz hasilatın və ixracın
artırılmasında uğurlar əldə edir. Ötən il Azərbaycan tərəfindən 22 milyard kubmetr təbii
qaz ixrac olunması, cari il isə bu rəqəmin 24 milyard kubmetrə çatdırılacağı proqnozu
bunun bariz ifadəsidir.
Ölkə rəhbəri nitqində bildirib ki, hazırda vəziyyət tamamilə fərqlidir və
Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, ölkəmiz bunu nəzərə alır, eyni
zamanda, potensial istehlakçılar tərəfindən də bir il ərzində qazın böyük həcmdə hasil
edilməsinin mümkünsülüyü başa düşülməlidir: “Bunun üçün bizə müqavilələr lazımdır.
Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və
sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın”.
Dövlətimizin başçısı çıxışında bərpaolunan enerji, hidrogen və enerjinin
səmərəliliyi məsələlərinə də toxunub, respublikamızda yenilənən enerjinin
reallaşdırılmasının mühüm önəm daşıdığını diqqətə çatdıraraq, artıq bu sahədə ciddi
işlər görüldüyünü bildirərək, deyib: “Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft,
qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir.
Yeri gəlmişkən, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac
edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini
cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Bu il biz artıq
dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki
təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki
elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu
iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən
enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik”.
Bütün bunlar hazırda Azərbaycan hökuməti tərəfindən ciddi şəkildə nəzərdən
keçirilir və bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyulacağı, nəticədə nə qədər
qaza qənaət ediləcəyi və ixrac olunacağı araşdırılır.

Rafiq Kərimov,
“Tərəqqi” medallı, təqaüddə olan energetik
Популярный ролик