Prokurorluqdan "Tərtər işi" ilə bağlı YENİ MƏLUMAT - 10 nəfər azad edildi
- 06.12.2022, 11:04,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Məlumat verildiyi kimi, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.
Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.