"Sevgi evi" Uşaq Sığınacağında azyaşlı qızın şiddətə məruz qalması ilə bağlı məlumat yayılıb.
Telexeber.az xəbər verir ki, məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayıb. O qeyd edib ki, bu sığınacaqla bağlı sosial şəbəkə izləyiciləri Sevgi Uşaq Sığınacağı adı ilə instaqramda paylaşımları olan Könül adlı xanımın davranışı,uşaqlara olan münasibəti ilə bağlı müraciətlər olur:
"Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə istiqamətləndirmişəm, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib:" Kəmalə xanım, istintaq gedir,gözləyirik!".
O qeyd edib ki, daha əvvəl sığınacağın hesabında həmin qızcığazın fotosu paylaşılıb və genetik analizi üçün pul toplanılması məqsədilə kart yerləşdirilib:
"2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib deyib soruşdunuz? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı, ölür uşaq".
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə əlaqəli polis və prokurorluq orqanlarında müvafiq araşdırma aparılıb: "Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda material məhkəmə icraatındadır".