Son zamanlar Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinin
təminatında öz yerini daha da möhkəmləndirməkdə davam edir.
XXI əsrdə Ölkəmizin iqtisadi potensialı qat-qat gücləndi. Neft sənayesi
inkişafı ilə iqtisadiyyatın, infrastrukturun inkişafı, sosial təminatın gücləndirilməsi
xüsusəndə enerji sektorunun və potensialının inkişafı sahəsində böyük işlər
görüldü. Eyni zamanda Azərbaycan öz neft-qazını Avropaya daşıyan kəmərlər
şəbəkəsinin çəkilməsinə nail oldu. Ötən müddət ərzində ölkə çoxlarına xəyal kimi
gələn bir çox böyük layihələri uğurla reallaşdırmağı bacardı. Bütün bunlarla yanaşı
ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində
olub. Azərbaycan bərpa olunan enerji mənbələrinin yüksək potensialına malik olan
ölkələrdəndir. Belə ki, ölkəmizdə iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən
istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialının həcmi çox
yüksək qiymətləndirilməkdədir. Son illərdə aparılmış islahatların bir hissəsi
bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla
reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın
inkişafında önəmli yer alıb. Həmçinin, bu gün elektrik enerjisi istehsalının
bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi və enerji sektorunun ölkə
iqitsadiyyatının əsas pay sahibi olması ölkəmiz üçün əsas prioritetlərdən biri hesab
edilir.
Bərpaolunan enerji potensialından düzgün şəkildə istifadə edilməsi və enerji
sektorunun müasir dövrün tələblərinə uyğun şəkildə yenidən qurulması məqsədi ilə
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin
reallaşdırılmasına dair İcra müqavilələri imzalanmışdır. Hər iki şirkətlə müvafiq
müqavilələrin imzalanmasından sonra Abşeron, Xızı və Qaradağ rayonlarında
bərpaolunan enerji ehtiyyatı yüksək olan ərazilərdə yeni stnsiyaların tikintisi və
ölkəmizin enerji sektorunda bərpa olunan enerji mənbələrinin payının artması üçün
əlverişli imkanlar yaranmışdır.
Bu layihə Azərbaycanda enerji mənbələrini şaxələndirmək məqsədilə
bərpaolunan enerjinin payının artırılmasına töhvə verərək Azərbaycan hökumətinin
yeni xidmət sahələri, sənaye sektorlarının inkişafının yeni mərhələsinin başlanması
üçün mühüm rola malikdir.
Beynəlxalq təcrübədə rast gəlinən bərpaolunan enerji mənbələri ərazilərinin
yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı
olan müxtəlif sahələrdə yeni layihələrin həyata keçirilməsi üçün əməli addımlar atılıb.
Külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi
potensialından bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin
paylaşdırılması üçün regionlarda layihələrin həyata keçirilməsi bu sahəyə marağı
daha da artırmaqdadır.
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin
dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas
maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Enerji
ehtiyyatlarından düzgün istifadə edilməsi, bu sahədə dünyanın bir sıra yüksək
səviyyəli şirkətləri ilə əməkdaşlıq edilməsi və dünya təcrübəsindən faydalanmaq
bütün bunlar Azərbaycanın yaxın gələcəkdə enerji sektorunda sıçrayışlı artımına və
regionda əvəz edilməz energetika mərkəzinə çevirəcəkdir.
Mehman Əsgərov,
Salyan Elektrik Şəbəkəsinin baş mühəndisi