Azərbaycanda kişi arvadını hamamda başqası ilə tutdu, qardaşı isə... - CİNAYƏTİN TƏFƏRRÜATI

Azərbaycanda kişi arvadını hamamda başqası ilə tutdu, qardaşı isə... - CİNAYƏTİN TƏFƏRRÜATIŞabran rayonunda 1992-ci il təvəllüdlü Aydın qısqanclıq zəminində yaranan münaqişə zamanı 23 yaşlı bacısı Nərminəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Telexeber.az teleqraf.com-a istinadən xəbər verir ki, Nərminə ərindən boşandıqdan sonra 2018-ci ildən atası evində yaşamağa başlayıb.

Nərminənin ərindən boşanmasına səbəb mobil telefon vasitəsi ilə başqa kişilərlə ünsiyyətə girməsi olub.

Ata evinə gəldikdən sonra qardaşı Aydın ona bir daha mobil telefondan istifadə etməyi qəti qadağan edib. Qadağanı pozacağı təqdirdə öldürəcəyini deyib.

Aydın 2021-ci il dekabrın 4-də xəbərdarlıqlara baxmayaraq bacısının gizlin istifadə etdiyi mobil telefon vasitəsi ilə başqa kişilərlə yenidən ünsiyyətə girdiyini görüb. O, məsələyə birdəfəlik son qoymaq qərarına gəlib.

Cibinə bıçaq qoyaraq bacısını axtarıb və onun həyərdəki yardımçı tikilidə olduğunu bilib. Qapını açmaq istəyəndə onun bağlı olduğunu görüb, bacısından qapını açmağı tələb edib. Qardaşının niyyətini başa düşən bacı ona dəfələrlə yalvarıb, öldürməməyi, bağışlamağı xahiş edib, Aydın isə buna məhəl qoymayıb. Bacısına çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. İşə hakim Hafiz Əliyev sədrlik edib.

“Bacımı başqa kişilərlə danışmasını tutub”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası Vəli, anası Səmayə, bacısı Nərminə və Nərminənin oğlu İlqarla birlikdə yaşayır:

“Atamla mal-qara saxlayaraq ailəmizi dolandırırmışıq. Ailədə 4 uşaq olmuşuq, 3 bacım var. Bacılarım Səlimə və Xumar evli olduqları üçün ayrı yaşayırlar. Bacım Nərminə də ailəli olub. Lakin əri ilə münasibətləri pozulduğu üçün 3 ildir bizimlə birlikdə yaşayır. Rəsmi qaydada boşanmayıb.

Nərminənin 2 övladı var, qızı atası ilə Siyəzən rayonunda, oğlu isə bizimlə qalır. Nərminənin əri ilə münasibətinin pisləşməsinə səbəb onu bir neçə dəfə başqa kişilərlə telefonla danışdığını tutması olub. Bu səbəbdən əri Nərminəni 2018-ci ildə Siyəzəndən Şabran rayonundakı yaşdığımız evə gətirib”.

“Açıq-saçıq danışıqlarının olduğunu gördüm”

Aydının sözlərinə görə, bacısı Nərminəyə etdiyi əməlin çox pis iş olduğunu bildirib, bundan sonra bir də belə hala yol verəcəyi təqdirdə öldürəcəyi barədə xəbardarlıq edib: “Bacım da bundan sonra başqa kişilərlə danışmayacağına söz verdi. 4 dekabr 2021-ci ildə səhər saat 8 radələrində mal-qaranı örüş yerinə apardım, saat 18 radələrində evə qayıtdım.

Heyvanları yerləşdirdim, çörək yedikdən sonra Nərminənin harada olması ilə maraqlandım. Onu evin hamam otağında tapdım. Məni görən kimi nəyisə gizlətdiyini, yaxasına baxdıqda telefonun olduğunu gördüm. Ona telefondan istifadəni qadağan etmişdim.

Telefonun mesaj bölməsinə baxdıqda “ürəyim” adı altında qeyd eləmiş şəxslə sevgi və açıq-saçıq danışıqları olduğunu gördüm. Mesajları oxuduqdan sonra hədsiz əsəbləşərək onu hamamdan çıxardım. Şillə-yumruqla üz nahiyələrinə vurdum. Ona özünü öldürməyini, bunu etməsə özüm onu öldürəcəyini bildirdim.

O, qaçaraq atamın ətəyindən yapışdı, ağlaya-ağlaya ondan kömək istədi”.

“Qapı arxasından bir daha yalvardı”

Təqsirləndirilən şəxs deyib ki, təxminən saat 21 radələrində Nərminə yaşadıqları evin həyətyanı sahəsində anbar kimi istifadə edilən tikilinin içərisinə girib, qapını bağlayıb: “Qapının arxasından yalvararaq onu bağışlamağımı, bir daha belə bir şey etməyəcəyini dedi. Qapını cəftəsindən çıxartdım. Bu zaman Nərminə ikilinin içərisindən çıxaraq evə doğru qaçmaq istədi.

Tikilinin qarşısında cibimdən bıçağı çıxardım və Nərminənin qarın, bel və baş nahiyəsinə çoxsaylı zərbələr endirdim. Tikilinin qarşında qan içərisində yerdə uzanılı vəziyyətdə qaldı. Həyətdə heç kəs yox idi”.

“Meyitin evə gətirdi”

Aydının ifadəsinə görə, Nərminəni vurduqdan sonra evə girib: “Ata-anama Nərminəni bıçaqla vurduğumu, tikilinin qarşısında yıxılaraq qaldığını dedim.

Atam dərhal tikilinin yanına getdi, anamsa “evim yıxıldı” deyə qışqırdı. Həyacanlı olduğum üçün bir az evin həyətində gəzişdim. Özümə gəldim, atam böyük əmimə zəng edərək təcili gəlməyini xahiş etdi. Əmimin gəlişi təxminən 2 saat çəkdi. Hadisənin mahiyyətini əmimə bildirirdik, sonra polisə zəng edərək hadisə barədə məlumat verməsini xahiş etdik. Polislər gələnə kimi atam Nərminənin meyitini evə gətirdi və yerdən uzatdı”.

Aydın qeyd edib ki, Nərminəni öldürməkdə ona kömək, yaxud buna təhrik edən olmayıb.

“Oğlumdan şikayətim yoxdur”

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən atası ifadə verməkdən imtina edib. O, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmadığını qeyd edib, oğluna mümkün qədər yüngül cəza təyin olunmasını istəyib.

O, ifadəsində göstərib ki, qızı Nərminə 2015-ci ildə oğlunun tanışı Valehə qoşularaq qaçıb və onunla rəsmi nikaha daxil olub: “Birgə nikahlarından 2016-cı ildə qızı, 2017-ci ildə isə oğlu dünyaya gəlib. 2018-ci ildə onların münasibətləri pisləşdi və bu səbəbdən Nərminə oğlu ilə birlikdə bizdə yaşamağa başladı. Qızı isə atası ilə Siyəzən rayonunda qaldı.

Nərminənin əri Valeh onu telefonla başqa kişilərlə danışığını tutduğu üçün artıq onunla birlikdə yaşamaq istəmədiyini bildirdi. Nərminə ərindən ayrı yaşasa da, rəsmi qaydada boşanmamışdı.

Yaşadığımız evə gəldiyi ilk gündən Aydın ona bu əməlinin çox pis iş olduğunu bildirdi, mobil telefon işlətməyi qəti qadağan etdi. Belə hal təkrar olarsa, onu öldürəcəyini dedi”.

“Arvadım “evim yıxıldı” deyərək qışqırdı”

Ata qeyd edib ki, hadisə baş verən günə kimi Aydının Nərminə ilə münasibəti yaxşı olub: “Hadisə günü saat 8 radələrində Aydın adəti üzrə mal-qaranı örüş sahəsinə apardı, axşam evə qayıdaraq heyvanları yerləşdirdi, sonra şam etdik.

Təxminən saat 21 radələrində Nərminə ağlaya-ağlaya gələrək Aydınla mübahisə etdiyini dedi, xahiş elədi ki, Aydının onunla işi olmasın. Mübahisənin hansı səbəbdən baş verdiyini bilmədim.

Arvadımla birlikdə yataq otağında idik. Nəvəm isə yatmışdı. Çöldən gələn səs-küyə arvadım çölə çıxdı, “evim yıxıldı” deyərək qışqırdı. Eşiyə çıxanda Aydını əlində qanlı bıçaq gördüm. Ondan nə baş verdiyini soruşdum. “Onu anbarın qabağında öldürdüm” dedi.

Anbarın qabağına Nərminən al-qan içərisində yerə uzanıb xırıldayırdı. Dərhal təcili tibbi yardıma məlumat verdim. Qucağıma götürərək onu evə gətirdim. Artıq nəfəs almadığını, öldüyünü hiss etdim”.

“Hamamda arvadımı oğlanla tutdum”

Cinayət işi üzrə şahid qismində ifadə verən Valehin sözlərinə görə, Nərminəni dostu Aydının vasitəsi ilə tanıyıb: “Nərminəni ilk dəfə Aydıngilin yaşadığı evə gedib-gələrkən görmüşəm. 2018-ci ildə Siyəzən rayonunda yaşadığımız evin həyətyanı sahəsində yerləşən hamam otağında arvadımı oğlanla tutdum. Bu hadisəyə görə o zaman şok yaşadım.

Bu səbəbdən ona və tutduğum oğlana heç nə etmədim. Nərminəni ata evinə apardım, məsələ barədə qardaşı və atasına bildirdim. Həmin vaxtdan qızım mənimlə, oğlum isə Nərminə ilə birlikdə yaşadı. Bu hadisədən sonra rəsmi qaydada boşanmasam da, münasibətimiz və gediş-gəlişimiz olmayıb”.

Valeh qeyd edib ki, sosial şəbəkələrdə xəbərlərə baxarkən Nərminəni qardaşının öldürməsindən xəbər tutub.

Aydın 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Популярный ролик