18 avqust 2025-ci il tarixindən Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində cüdo müəllimləri üçün xüsusi təlimlərə start verilib. Təlimlərin əsas məqsədi cüdo idman növünün ölkəmizdə daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və gənc idmançıların hazırlıq prosesində müasir metodların tətbiq edilməsidir. Təlimlərdə müxtəlif bölgələrdən dəvət olunmuş cüdo müəllimləri iştirak edir. Onlara nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər də keçirilir. Proqram çərçivəsində iştirakçılar cüdonun yeni qaydaları, məşq prosesinin düzgün qurulması və gənc idmançıların beynəlxalq yarışlara hazırlanması istiqamətində təcrübə əldə edirlər. Bu təşəbbüs həm müəllimlərin bilik və bacarıqlarının artırılmasına, həm də ölkəmizdə cüdo idman növünün daha geniş vüsət almasına xidmət edir.