Qusarda məktəblilər arasında voleybol üzrə rayon turniri təşkil olunub


Qusar Olimpiya İdman Kompleksində məktəbli oğlanlar arasında voleybol idman növü üzrə rayon turniri keçirilib. Yarış 20–21 dekabr tarixlərində təşkil olunaraq Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr edilib.
Turnir başlamazdan öncə iştirakçılar Qusar şəhər Şəhidlər Xiyabanına gələrək Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət ediblər. Məzar önünə gül dəstələri qoyulub, qəhrəmanın xatirəsi ehtiramla anılıb.
Yarışın rəsmi açılışı Qusar Olimpiya İdman Kompleksində baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Milli Qəhrəmanın valideynləri, əməkdar məşqçi Əhməddin Rəcəbli, Qusar Olimpiya İdman Kompleksinin direktoru Razi Mustafayev, Qusar rayon gənclər və idman sektorunun müdüri Emil Əmirmətov, idman ictimaiyyətinin nümayəndələri və məktəbli idmançılar iştirak ediblər.
İki gün davam edən qarşılaşmalar gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Turnirin yekun nəticələrinə əsasən Urva kənd tam orta məktəbinin komandası birinci, Qusar şəhər 2 saylı tam orta məktəbinin komandası ikinci, Zindanmuruq kənd tam orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.
Yekunda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.
Популярный ролик