
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan,Qusar Olimpiya İdman Kompleksinin direktoru Razi Mustafayevdir.
Razi Mustafayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Razi müəllim səlahiyyətləri çərçivəsində köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana,Razi müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Oxucuların diqqətinə çatdırmaq istərdim ki,12 iyun 2025-ci il tarixində Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaq və yeniyetmələr arasında üzgüçülük idman növü üzrə Qusar rayon birinciliyi keçirilib. Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin rəis müavini Mustafa Nuhbalayev, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Qusar RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, Qusar Olimpiya İdman Kompleksinin direktoru Razi Mustafayev, sektorunun əməkdaşları və üzgüçülük üzrə məşqçi-müəllimlər iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. İlk öncə rəsmilər tədbir iştirakçılarını salamlayaraq yarışda iştirak edən hər bir idmançıya uğurlar diləmişdir. Müxtəlif yaş qrupları üzrə uşaq və yeniyetmələr arasında keçirilmiş üzgüçülük idman növü üzrə Qusar rayon birinciliyində 40 nəfər üzgüçü öz qüvvələrini sınamışdır. Sonda qalibləri Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin və Qusar Olimpiya İdman Kompleksinin müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılmışdır.


